Mirvari Qəhrəmanlı: “SOCAR etdiyi yardımları şişirtməsin, ortada problemi olan ailələr var”

Xəzərin “Günəşli” yatağındakı qəza zamanı həlak olan və itkin sayılan neftçilərin ailə üzviləri iyunun 8-də SOCAR-ın qarşısına toplaşıblar. Neftçilәrin yaxınları əsasən, itkin düşənlərin bəzilərinin meyitlərinin, hələ də, tapılmamasından narahatdırlar. Onlar axtarışların gərəkli səviyyədə aparılmadığını düşünürlər. Neftçilәrin yaxınları tәzminatın məblğindən dә narazılıqlarını gizlətməyiblər. “Qəzada ölən, itkin düşən, ziyan görənlərə 22 və yaxud 52 min tәzminat verilib. Ancaq rəsmi açıqlamalarda bildirirlər ki, 100-140 min manat ödənilib. Bu doğru deyil”, – deyә neftçilәrin yaxınları ədalətli, daha yüksək tәzminat istədiklərini bildiriblər.
 
Mövzu ilə bağlı Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, faciədə həlak olanların ailələrinin aksiya keçrmələri çox haqlıdır: “İtkin düşən neftçilərin axtarışları FHN tərəfindən aparılır. Bu baxımdan FHN-ə də öz etirazlarını bildirməlidirlər. Həm xilasetmə, həm axtarış proseslərindən də FHN-in hazırlıqsız, səriştəsiz olması aşkar şəkildə göründü. İtikin düşən neftçilərin axtarışları çox pis təşkil olunmuşdu. Eyni zamanda sağ qalan neftçilərin xilasetmə əməliyyatları da çox pis təşkil olundu. Bu baxımdan SOCAR qarşısında aksiya keçirən ailələri tam olaraq dəstəkləyirəm. Digər tərəfdən faciədə həyatlarını itirən şəxslərin ailələrinin işlə təmin edilməsi prosesi dә çox pis təşkil olunub. Bir neçə nəfərlə əlaqə yaratmışam. Qeyd edilәnə görə onları çox aşağı əmək haqqı ilə işə götürüblər. Xudatdan olan bir xanım ümumiyyətlə işlə təmin edilməyib. Eyni zamanda həmin xanımın həyat yoldaşının banka borcu qalıb və onu da ödəyə bilmir. Bu baxımdan SOCAR etdiyi yardımları o qədər də şişirtməsin. Ortada bu cür problemi olan ailələr var. Artıq bu ailələrin taleyi ilə heç kəs maraqlanmır. Yalnız bu işi az da olsa KİV-lər diqqətdə saxlayır. Mənə həmin ailələrdən bildirdilər ki, Əhalinin Sosial Müdafiəsi Nazirliyi qeyd etmişdi ki, faciədə həlak olanların ailəsinə müәyyәn məbləğdə vəsait veriləcək. Amma hәmin məbləğ hökumət tərəfindən deyil, SOCAR tərəfindən verilib. Səlim Müslümov ailələrə bu qədər vəsaitin veriləcəyini deyibsə, gərək sözünün üstündə dayansın. Eyni zamanda ailələrin bəzilərinin təminatsız qalması da ortada fakt kimi qalır. Bəzi ailələr var ki, ümumiyyətlə evləri belə yoxdur. Hökumət bu faciənin nəticələrinin aradan qaldırmasını tam təmin etməlidir. Günahkarlar hələ də cəzalanmayıb və ortaya çıxarılmayıb”.

Google+ WhatsApp ok.ru