Moskvada Peyğəmbər (s)-ın Meraca getməsi qeyd edilib-Foto

Rusiyanın paytaxtı Moskva şəhərində yaşayan həmvətlilərimiz "Qız qalası" restoranında Mühəmməd Peyğəmbər (s)-ın Meraca getməsi münasibətilə tədbir təşkil ediblər.

Tədbiri ilk öncə Hacı Ramin Qurani-Kərimin tilavəti ilə başlayıb.

Quran tilavətindən sonra ilahiyyatçı-alimlər Ayətullah Sistaninin Rusiyadakı numayəndəsi Ağayi Mosulu, Seyid Ağarəşid Talıbov, Hacı Namiq və Kərbəlayi Oqtay geniş moizələri ilə Mühəmməd Peyğəmbərin (s) həyatında baş vermiş ən mühüm hadisələrdən söhbət açaraq məclisi daha da nurani ediblər.

Məclisin sonunda İftar süfrəsi verilib və məclis "Fərəc" duasının cəmlə oxunuşu ilə sona çatıb.

Qeyd edək ki,Merac - Həzrət Mühəmməd Peyğəmbərin (s) həyatında baş vermiş ən mühüm hadisələrdən biridir. Hansı tarixdə baş verməsi barədə alimlər arasında fikir ayırılığı vardır. Geniş yayılmış məlumata görə, Məkkə dönəmində, peyğəmbərliyin 10-cu ilindən sonra (daha dəqiq desək, Əbu Talibin vəfatından sonra) baş vermişdir.

Merac gününün də dəqiq tarixi məlum deyil. Müxtəlif mənbələrdə 17 ramazan, 2 rəbiül-əvvəl, 17 rəbiül-əvvəl və ya 27 rəcəb gecəsində, yaxud rəcəb ayının ilk cüməsinin gecəsində baş verdiyi yazılıb. Merac Həzrət Mühəmməd Peyğəmbərin (s) ən böyük möcüzələrindən biri sayılır. “Merac” sözünün ərəb dilindən tərcüməsi “yüksəliş, yuxarıya qalxma” mənasını verir.
Əbu Talibin və Xədicənin vəfatından sonra Həzrət Mühəmməd (s) tez-tez öz qohumlarının evini ziyarət edir, onlara qonaq olur, bəzən gecəni də orada qalırdı. Bir gün o, Əbu Talibin qızı, Həzrət Əlinin (ə) bacısı Ümmi-Haninin evində qonaq idi. Gecəyarı Allahın vəhy mələyi Cəbrail İslam Peyğəmbərinin görüşünə endi və onu çox şərəfli bir səfərə dəvət etdi. Bu səfərdə Həzrət Mühəmmədə (s) bələdçilik etməyi Allah-təala ona tapşırmışdı.

Peyğəmbərimiz Cəbrailin gətirdiyi “Büraq” adlı xüsusi miniyə minib gecəyarı Məkkəni tərk etdi. Onun səfərinin birinci mərhələsi müsəlmanların ilk qibləsi, böyük peyğəmbərlərin vətəni Qüds (Yerusəlim) şəhərindəki Beytül-Müqəddəs məscidinə oldu. Mmerac gecəsində Peyğəmbərin Məkkədən Qüdsə səfərini “isra” adlandırırlar.

Beytül-Müqəddəs məscidini, habelə Qüds şəhərinin başqa dini ziyarətgahlarını gəzib orada namaz qıldıqdan sonra Peyğəmbərin ilahi səyahətinin ikinci mərhələsi başlandı. Həzrət Mühəmməd (s) Cəbrailin müşayiəti ilə səmaya qalxdı. Büraq o həzrəti səmanın təbəqələrindən asanlıqla keçirərək bu səfərin asanlığını təmin edirdi.

Həzrət Mühəmməd (s) meracda keçmiş peyğəmbərlərin ruhları ilə görüşdü, cənnətdə möminlərə nə kimi mükafatlar veriləcəyindən, günahkarların necə cəzalandırılacaqlarından xəbərdar oldu. Hədislərdə deyildiyi kimi, merac zamanı Peyğəmbərimiz Allahın qüdrət və əzəmətinin zahir olduğu yerlərə elə yaxınlaşdı ki, heç bir mələk, o cümlədən cənab Cəbrail Onu müşayiət edə bilməyib geri qaldı.

Meracın əsas əhəmiyyəti bundadır ki, həmin hadisə zamanı Allah-təala müsəlmanlara gündəlik namazları qılmağı vacib elan etdi.
Həzrət Mühəmməd (s) çox qısa müddət ərzində, cəmi bir neçə dəqiqə içində böyük səfərini başa vurdu, getdiyi yolla da geri qayıtdı. O, səmada hərəkət edib Məkkəyə dönərkən yolda şəhərə yaxınlaşan ticarət karvanını gördü və karvanın nişanələrini yadda saxladı.

Səhər Həzrət Mühəmməd (s) şəhərə çıxıb öz ilahi səfərini məkkəlilərə xəbər verdi. Onun bir neçə dəqiqə ərzində Məkkədən Qüdsə, oradan da səmaya qalxdığını, göy təbəqələrini dolaşdıqdan sonra geri döndüyünü eşidən bütpərəstlər yenə istehza etməyə başladılar. Bu zaman Həzrət Peyğəmbər yolda gördüyü karvanı təsvir etdi, dəvələrin sayını, rəngini, yükünü yerli-yerində söylədi. Məkkəlilər Peyğəmbərdən tələb etdilər ki, əgər doğrudan da Qüdsə getmişdirsə, oranın mənzərəsini təsvir etsin. Həzrət Mühəmməd (s) Beytül-Müqəddəs məscidinin içini və çölünü, habelə başqa müqəddəs yerləri ətraflı şəkildə təsvir etdi. Tez-tez Qüdsə səfər edən tacirlər onun dediklərinin həqiqətə tam uyğun olduğunu təsdiqlədilər. Bu vaxt Peyğəmbərin yolda gördüyü ticarət karvanı Məkkəyə daxil oldu. Karvanın bütün əlamətləri Həzrət Mühəmmədin (s) söylədikləri ilə eyni idi.

 

Moskvada Peyğəmbər (s)-ın Meraca getməsi qeyd edilib-Foto
Moskvada Peyğəmbər (s)-ın Meraca getməsi qeyd edilib-Foto
Moskvada Peyğəmbər (s)-ın Meraca getməsi qeyd edilib-Foto
Moskvada Peyğəmbər (s)-ın Meraca getməsi qeyd edilib-Foto
Moskvada Peyğəmbər (s)-ın Meraca getməsi qeyd edilib-Foto
Moskvada Peyğəmbər (s)-ın Meraca getməsi qeyd edilib-Foto
Moskvada Peyğəmbər (s)-ın Meraca getməsi qeyd edilib-Foto
Moskvada Peyğəmbər (s)-ın Meraca getməsi qeyd edilib-Foto
Moskvada Peyğəmbər (s)-ın Meraca getməsi qeyd edilib-Foto
Moskvada Peyğəmbər (s)-ın Meraca getməsi qeyd edilib-Foto
 

Google+ WhatsApp ok.ru