Mosulda İŞİD qurbanlarına aid kütləvi məzarlıq tapıldı

İraq Şam İslam Dövləti terror təşkilatının öldürdüyü insanların olduğu bildirilən kütləvi məzarlar tapılıb. Kürdüstan Demokrat Partiyası Mosul nümayəndəsi Səid Memo, "Peşmərgə qüvvələri Mosulun Zəmar bölgəsində 35 yezidinin basdırıldığı kütləvi məzar tapıb. Yezidilərin cəsədləri paltarlarından tanındı", - deyib.
 
Maide.az-ın məlumatına görə, məzarda qadın, uşaq, gənc kimi müxtəlif yaş qruplarından insanların cəsədinin olduğunu söyləyən Memo sözügedən şəxslərin İŞİD-in avqust ayında bölgədən keçidi zamanı öldürüldüyünü söyləyib. Bölgədəki tayfa mənsubları da bildirirlər ki, əl-Humeydatda iyun ayında Baduş həbsxanasından qaçırılan bəzi məhkumların cəsədinin olduğu kütləvi məzarlıq tapılıb.
 
Sözügedən məzarda neçə cəsədin olduğu ilə bağlı dəqiq məlumat verilməsə də, məzardakıların üzərində Baduş həbsxanasının paltarı olduğu bildirilir.
 
Qeyd edək ki, İŞİD terrorçularının həbsxanaya hücumu zamanı 3 min məhkum qaçmışdı.

Google+ WhatsApp ok.ru