Müqavimət nümunəsi Meysəm Təmmarın qəbrinin yeni zərihi - FOTO

Müqavimət nümunəsi Meysəm Təmmarın qəbrinin yeni zərihi - FOTO

Həzrət Əmirəlmöminin Əlinin (ə) səhabələrindən olan cənab Meysəm Təmmarın qəbrinin üzərindəki zərih dəyişdiriləcək.
 
Maide.Az xəbər verir ki, Meysəm Təmmarın qəbrinin zərihi İsfahanda hazırlanıb və artıq İraqa aparılaraq Kufə şəhərində onun məqbərəsinə quraşdırılacaq. Yeni zərihin quraşdırılması prosesi tezliklə başa çatacaq və planlaşdırılır ki, Həzrət Zeynəbin (s) mövlud günü cənab Meysəm Təmmarın qəbrinin yeni zərihinin təqdimatı keçirilsin.
 
Yeni zərihin hazırlanmasına iraqlı xeyriyyəçilər pul yatırıb.  Yeni zərihin üzərində xurma ağacı simvolları ilə bəzədilib ki, bu simvollar cənab Meysəm Təmmarın şəhid olduğu yeri xatırladır. 
 
Qeyd edək ki, İraqın Nəhrəvan məntəqəsindən olan Yəhya oğlu Meysəm Təmmar Peyğəmbərin (s) səhabələrindən idi. Meysəmə Əbu-Salim də deyirdilər. Meysəm əvvəlcə Bəni-Əsəd tayfasından olan bir qadının qulamı idi. İmam Əli (ə) onu həmin qadından alıb azad etdi. O, Kufədə xurma satdığı üçün ona “Təmmar” – “Xurma satan” ləqəbi verilmişdi.
 
Meysəm öz şəhadət xəbərini mövlası imam Əlidən (ə) eşitmişdi. İmam (ə) Meysəmə demişdi: “Bir gün Bəni-Üməyyənin çirkin oğlu Übeydullah ibn Ziyad mənə lənət söyləməyini tələb edəndə nə edəcəksən?” Meysəm dedi: “And olsun Allaha, heç vaxt belə etmərəm!” İmam (ə) buyurdu: “Bu halda səni dardan asıb öldürəcəklər.” Meysəm dedi: “Səbir edərəm. Allah yolunda bu əziyyət çətin olmaz”.
 
İmam Əli (ə) bu barədə Meysəm Təmmara bir neçə dəfə xəbər vermişdi. Meysəm də öz növbəsində vəd olunmuş qırmızı milada hazırlaşırdı. İmam Əlinin (ə) fəzilətlərindən danışmaq günah hesab edildiyi bir dövrdə Meysəm o həzrətin məqamından danışar, onun buyruqlarını xalqa çatdırardı. O, yaxşı bilirdi ki, mövlasının şəhadətindən sonra onu xurma ağacından asacaqlar. Həzrət (ə) ona bu ağacı da göstərmişdi. Bəzən bu ağacın yanından keçərkən Həzrət ona buyurardı: “Ey Meysəm! Sənin sonralar bu ağacla macəran olacaq. Bu xurma ağacını dörd yerə bölüb dördüncü hissəsindən səni asacaqlar.” Meysəm tez-tez bu ağacın yanına gəlib, onun kənarında namaz qılar və deyərdi: “Mübarək olsun, ey xurma! Məni sənin üçün yaradıblar, sən mənim üçün göyərirsən”. (“Əl-irşad”, c.1, s.324.) (abna)
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru