Müsavat “Yeni Müsavatdan imtina etdi

Müsavat Partiyasının mövqeyini sərgiləyən, partiyanın maraqlarından çıxış edən “bastainfo.com” saytı ötən ilin avqustundan fəaliyyətə başlayıb. Bu saytı Müsavat Partiyasının rəsmi mətbuat orqanı hesab etmək olarmı? Məsələ burasındadır ki, vaxtilə Müsavat Partiyasının rəsmi orqanı olan “Yeni Müsavat” qəzeti çoxdandır müstəqillik əldə edib və hazırda bu siyasi qurumla birbaşa bağlılığı yoxdur.
 
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Modern.az-a verdiyi açıqlamada bu barədə danışıb.
 
““Bastainfo.com” Müsavat Partiyasına yaxın bir saytdır. Bu sayt müsavatçıların idarəçiliyindədir. Amma onun partiyanın rəsmi mətbuat orqanı adlandırılması haqqında qərar yoxdur. Müsavatın mövqeyini ifadə edən və onun informasiyalarını tirajlayan, Müsavata informasiya dəstəyi verən bir sıra saytlar var. Bu saytlardan biri də “bastainfo.com”dur. Müsavata yaxın olan digər şəxslərin də yazıları bu saytda yerləşdirilir”.
 
Gülağa Aslanlı onu da bildirib ki, “Yeni Müsavat” qəzeti və “musavat.com” saytı Müsavat Partiyasına qətiyyən yaxın mətbuat orqanları hesab edilməməlidir.
 
“Onlarə nə Müsavat Partiyasının mətbuat orqanı, nə də partiyaya yaxın KİV-lər hesab etmək olar. Qətiyyən belə deyil. Həmin qəzet və saytla Müsavat Partiyasının mövqeyi son zamanlar tamamilə fərqlidir. Hərə öz mövqeyindən çıxış edir və onların Müsavat Partiyası ilə heç bir əlaqəsi yoxdur. Eləcə də bunu Müsavat Partiyasının rəhbərliyi də deyir və təsdiq edir. Biz “Yeni Müsavat” qəzeti və “musavat.com”un yazılarına heç bir cavabdehlik daşımırıq. Onlar da həmçinin bizim hərəkətlərimizə və dediklərimizə cavabdeh deyillər”.azadliq /

Google+ WhatsApp ok.ru