Müsavat başqanından siyasi məhbuslarla bağlı çağırış

“Cəmiyyət dartılmış yay kimidir, hərəkətə gəlsə, hər şeyi məhvərindən oynadacaq"
 
 
Belarus prezidenti Aleksandr Lukaşenko 6 siyasi məhbusu əfv edib. Azad olunanlar sırasında prezidentliyə keçmiş namizəd Nikolay Statkeviç də var. Statkeviç 2010-cu ildə 6,5 il həbs cəzasına məhkum edilmişdi. Digər azadlığa buraxılanlar Nikolay Dedok (Rusiya səfirliyinə hücuma görə 4,5 il cəza), İqor Olineviç (eyni ittihamla 8 il cəza), Yevgeni Vaskoviç (DTK-nın binasını yandırmaq ittihamı ilə 7 il cəza), Artyom Prokopenko (eyni ittihamla 7 il) və Yuri Rubtsovdur (hakimi təhqir etmək ittihamı ilə 1,5 il).
 
Xatırladaq ki, 2010-cu ildə Belarusda paytaxt Minskin mərkəzində kütləvi etiraz aksiyaları ilə müşayiət olunan prezident seçkiləri keçirilib. Aksiyalar zamanı etirazçılar MSK-nın yerləşdiyi Hökumət Evinə hücuma cəhd ediblər. Etiraz aksiyaları zamanı 700-dən çox adam həbs olunmuşdu. Səsvermədən sonra prezident Lukaşenkonun doqquz rəqibindən beşi, həmçinin Nikolay Statkeviç həbs olunaraq “kütləvi aksiyaların təşkilinə” görə müxtəlif müddətə azadlıqdan məhrum olunmuşdular. N.Statkeviç altı illik cəzasını ciddi rejimli həbsxanada çəkirdi.
 
“Amnesty İnternational” təşkilatı Lukaşenkonun yeni əfv etdiyi 6 nəfərin ikisini vicdan məhbusu, dördünü isə siyasi məhbus kimi tanımışdı.
 
Qeyd edək ki, “Amnesty İnternational” Azərbaycanda hazırda həbsdə saxlanılan bir sıra məhbusları vicdan məhbusu, bir qrupunu siyasi məhbus kimi tanıyıb. Beynəlxalq təşkilatlar və daxildəki müxalif qüvvələr həmin məhbusların azad olunmasını hakimiyyət qarşısında qaldırıblar, çağırışlar vaxtaşırı olur. Lakin hələ ki, sözügedən məhbuslar barəsində əfv fərmanı verilmir.
 
Müsavat Partiyasının başqanı Arif Hacılı Belarus prezidentinin əfv fərmanı ilə hətta Belarus kimi avtroritarizmin hökm sürdüyü ölkədə vicdan və siyasi məhbus qalmadığını bildirib və Azərbaycan hakimiyyətini vicdan və suyasi məhbusları azad etməyə çağırıb: “Avropanın sonuncu diktatoru adlandırılan Lukaşenko da öz xalqına, öz xalqının seçilən nümayəndələrinə qarşı mübarizənin mənasız və ziyanlı olduğunu anladı. Belorusda yerli hüquq müdafiə təşkilatları 6 nəfəri siyasi məhbus elan etmişdi.
 
Onlardan ikisi vicdan məhbusu kimi tanınmışdı. Lukaşenko hər birini azadlığa buraxdı. İndi Belorusda siyasi məhbus yoxdur”.
 
Müsavat başqanı daha sonra “Yeni Müsavat’ın müxbirinə deyib ki, Azərbaycan dünyada siyasi məhbusların sayına görə lider ölkədir: ”Azərbaycanda 100-dək siyasi məhbus var. Ciddi siyasi diskriminasiyanın olduğu, Azərbaycandan dəfələrlə böyük olan Rusiyada belə, siyasi məhbusların sayı bizdəkindən 3 dəfə azdır. Azərbaycanı korrupsiyanın miqyasına, siyasi məhbusların sayına görə lider dövlətə çevirən siyasət dərhal durdurulmalıdır. Daha “keçid dövrü”, “tədrici islahatlar” kimi nağıllara zaman yoxdur. Cəmiyyət dartılmış yay kimidir. Hərəkətə gəlsə, hər şeyi məhvərindən oynadacaq".
 
Onu da bildirək ki, bu gün saat 16.00-da Müsavat Partiyasının qərargahında siyasi məhbuslarla bağlı tədbir keçiriləcək. Tədbirin təşkilatçısı Müsavat Partiyasıdır.  musavat /
 

Google+ WhatsApp ok.ru