Müsavat başqanı polis idarəsinə gedib

Müsavat başqanı polis idarəsinə gedib

“Sentyabrın 8-də Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) Təhlükəsizlik bölməsinin rəisi Nuralla Məmmədxanovla görüşdüm”.
Bunu Müsavat Partiyasının başqanı Arif  Hacılı görüşdən sonra “Azadlıq Radiosu”na verdiyi açıqlamada bildirib.
 
Onun sözlərinə görə, N.Məmmədxanov polisdə Müsavat Partyasının şəhərin ayrı-ayrı yerlərində piketlər təşkil edərək polislə süni toqquşma yaratması haqda məlumatlar olduğunu söyləyib: “Mən də dedim ki, belə fəaliyyət ümumiyyətlə Müsavat Partiyasının fəaliyyətinə xas deyil. Partiya olaraq qanunlara daim sayğı ilə yanaşmışıq. Bütün fəaliyyətimizdə də buna əməl etmişik, bundan sonra da əməl edəcəyik”.
 
A.Hacılı deyib ki, polis məmuru belə halların aksiya keçirilməsi nəzərdə tutulan məkanda da ola biləcəyini dilə gətirib. “Biz də buna cavab olaraq bildiririk ki, aksiya təşkilatçıları da asayişin qorunmasında, hər hansı insidentin baş verməməsində maraqlıdır və burada belə insidentlər olarsa qarşısını birgə almaqda maraqlıyıq”.
 
A.Hacılı onu da deyib ki, polis məmuru hər hansı şəkildə aksiyaya icazə verilməyəcəyi ilə bağlı heç bir ifadə işlətməyib.
 
Xatırladaq ki, Milli Şura sentyabrın 11-də, Müsavat Partiyası isə sentyabrın 18-də mitinq keçirmək barədə qərar qəbul edib. Aksiyalar sentyabrın 26-da keçirilməsi gözlənilən Konstitasiyaya dəyişikliklər üzrə referenduma etirazla bağlıdır. Bununla əlaqədar Bakı polis idarəsi sentyabrın 7-də A.Hacılını bu günə söhbətə dəvət edib.  
 

Google+ WhatsApp ok.ru