Müsavatın 25 oktyabr mitinqinə icazə verildi

Rayon təşkilatlarının sədrləri mitinq hazırlığı üçün qərargaha toplandı
 
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının 25 oktyabrda mitinq keçirmək üçün müraciətini dünən müsbət cavablandırıb. BŞİH-in cavab məktubunda bildirilib ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına riayət olunmaqla, 25 oktyabr 2015-ci il tarixdə saat 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) mitinqin keçirilməsinə razılıq verilir.
 
Mitinqin təşkilatçılarından xahiş olunub ki, Azərbaycan Respublikası "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanununa əsasən ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmamasına ciddi nəzarət edilsin.
 
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı "Yeni Müsavat"a bildirib ki, Bakı Şəhəri İcra Hakimiyyətinin razılıq sənədi artıq partiyaya təqdim olunub. Mitinqə hazırlıq işləri isə davam edir. G.Aslanlının sözlərinə görə, dünən partiyada Sədrlər Şurasının genişləndirilmiş iclası keçirilib. Genişləndirilmiş iclas məhz mitinqə hazırlıq məsələsinə həsr olunub. Bundan sonrakı günlərdə görüləcək işlər barədə tapşırıqlar verilib.
 
Mitinqdə Müsavatın 25 deputatlığa namizədlərinin hamısının iştirak edib-etməyəcəyinə gəlincə, G.Aslanlı dedi ki, bunu dəqiq söyləmək çətindir. Çünki mitinq istirahət günüdür və namizədlər öz dairələrində seçiciləri ilə görüşlər keçirir: "Kimin həmin günə seçicilərlə görüşü təyin olunmayıbsa, təbii ki, onlar mitinqdə iştirak eləyə bilərlər. Amma xüsusi olaraq namizədlərin qarşısında tələb qoyulmayıb ki, dairələrdə olan görüşlərini təxirə salsınlar. Ola bilsin ki, bu məsələ bugünlərdə müzakirə edilsin və ümumi qərara gəlinsin".
 
"Maraqlı məqamlarda biri mitinq keçiriləcək ünvanın İsa Qəmbərin deputatlığa namizəd olduğu seçki dairəsinin ərazisi olmasıdır. Bu baxımdan 25 oktyabr mitinqi həm də İsa Qəmbərin dairə ərazisində seçiciləri ilə görüşü kimi ola bilərmi" sualına G.Aslanlı belə cavab verdi: "İsa Qəmbər bir seçki dairəsinə sığmayan siyasətçilərdəndir. Onun Azərbaycan seçicilərinin hamısı ilə ünsiyyəti ola bilər. Amma dediyinizdə bir həqiqət də var. Bakı Şəhər İcra Hakimiyyəti həmin ünvanı 15 saylı Yasamal seçki dairəsində seçicilərlə namizədlərin görüşü üçün rəsmən ayırıb. Odur ki, sizin dediyiniz məsələ də gündəmdə var. Təbii ki, mitinqdə əsas mövzu qarşıdan gələn seçkilər olacaq. Namizədlərimizin daha çox təbliği, onların seçicilərlə təması baxımından partiyamız bu şansdan istifadə edəcək". musavat /

Google+ WhatsApp ok.ru