`Mövsüm Səmədovun hüquqları bərpa edilsin`

Xəbər verildiyi kimi, vəkil Anar Qasımlı oktyabrın 2-də 12 saylı Cəzaçəkmə Müəssisəsində Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovla görüşüb. Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, 12 il müddətinə azadlıqdan məhrum olunub.

Partiya lideri sentyabrın 18-də 11 saylı Cəzaçəkmə Müəssisəsindən 12 saylı müəssisəyə köçürülüb. Həmin gün ona 5, daha sonra 7 sutkalıq karser cəzası verilib. Mövsüm Səmədov karserdə aclıq elan edib. Anar Qasımlı bildirib ki, Mövsüm Səmədov karserdə saxlandığı 12 gün ərzində fiziki təzyiqlərə məruz qalıb. Aclıq etdiyini rəhbərliyə bildirmək üçün kağız-qələm istəyib, vəkili və ombudsmanla görüş tələb edib. Heç bir istəyi nəzərə alınmayıb.

Mövsüm Səmədov aclığı hələ də davam etdirir. Tələbi odur ki, ombudsmanla və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüşünə imkan yaradılsın. Eyni zamanda hüquq müdafiəçisi Elçin Behbudovla görüşmək istəyir. Ombudsmanla görüşə nail olmayana qədər aclığı davam etdirəcəyini bildirir.

Vəkil partiya liderinin səhhətində problemlərin yarandığını əlavə edib: “Mövsüm Səmədovun təzyiqində həmişə problemlər olub. Aclıq etməsi təzyiqini get-gedə aşağı salır. Təbii ki, bu da səhhətində ciddi problemlər yaradır. Heç bir həkim müayinəsi aparılmayıb. Ona aclıq etdiyini rəsmi qaydada elan etməyə imkan vermirlər ki, yanına həkim göndərilsin, nəzarətə götürülsün”. (Media forum)

Dini Etiqad və vicdan Azadlıqlarının Müdafiə Mərkəzi (DEVAMM) bununla bağlı bəyanatla çıxış edib,bəyanatda bildirilir:  “DEVAMM olaraq, Mövsüm Səmədovla bağlı durumdan dərin narahatlığımızı izhar edirik. AİP sədrinə qarşı bu cür davranış – insan hüquq və azadlıqlarının kobud surətdə pozulmasıdır. DEVAMM Mövsüm Səmədovun tələblərinin təmin edilməsi, onun hüquqlarının təxirəsalınmaz surətdə bərpası, AİP sədrinə ciddi tibbi yardım göstərilməsi ilə bağlı əlaqədar qurumlar qarşısında məsələ qaldırır. DEVAMM bəyan edir ki, Mövsüm Səmədova münasibətdə ədalətli və qanuni yanaşma bərpa edilməli, onun qüvvədə olan qanunvericiliklə təsbit edilən hüquqları təmin edilməlidir”.deyerler  /

Google+ WhatsApp ok.ru