Nardaranda daha 4 nəfər saxlanıldı - YENİLƏNİB - 7

16.25 - Nardaranda davam edən axtarışlar həbslərlə müşayiət olunur. AzadlıqRadiosunun Nardaranda olan müxbiri xəbər verir ki, kənd sakini Atabala Şahbazov, ata və oğul Əli Hüseynovla Mehdi Hüseynov və daha bir kənd sakini saxlanılıb.
 
16.14 - AzadlıqRadiosunun müxbiri xəbər verir ki, Nardaran tamamilə mühasirədədir, kəndə gedən bütün yollar bağlıdır. İmam Hüseyn meydanı Daxili Qoşunların nəzarətindədir. Heç kimə çəkilişə icazə verilmir.
Ara məhəllələr belə mühasirədədir. Noyabrın 26-da əməliyyat keçirilmiş evə gedən yollar isə tamamilə bağlanıb. Kənddəki evlərdə əməliyyat davam edir. Daha iki kənd sakini saxlanılıb. Evlərdəki baltalar soyuq silah kimi götürülür. 
 
15.54 -  “Kəndə qoşun yeridilib, hazırda əməliyyat keçirilir. Kənddə bəlkə də 10 mindən çox qoşun var”.
Bunu AzadlqıRadiosuna Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov deyib:
“Əməliyyat səhər tezdən başlayıb. Deyirlər, silah axtarırlar. Demək olar ki, bütün kənddə axtarış aparılır. Bizə demişdilər, “meydanı boşaldın”, biz də boşaltdıq. İndi də qoşun yeridiblər. Silah axtarırlarsa, axtarsınlar. Kimin silahı varsa, gedib cəzasını çəksin. Bütün kəndi bərbad vəziyyətə salmaq olmaz”.
Natiq Kərimov kənddə işıq olmadığını, telefonun işləmədiyini də deyib:
“Deyirlər, “işığa borcunuz var”. Telefona, internetə ki, borcumuz yoxdur”.
Cənazələrin kəndə gətirilməsi xəbəri haqda isə Natiq Kərimov deyir ki, “hələ cənazələrdən bir xəbər yoxdur”.
 
14.57 - "AzadlıqRadiosu" xəbər verir ki, Nardarana gedən bütün yollar bağlıdır. İmam Hüseyn meydanı mühasirəyə alınıb. Nardaran küçələri boşdur. Küçələrdə ancaq hökumət qüvvələri, polislər var. Çəkilişə icazə verilmir. Məlumata görə, bir neçə evdə əməliyyat aparılır. 
 
13.22 - Noyabrın 26-da Nardaran qəsəbəsində hüququ-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı yaralananlardan hələ də xəstəxanada qalanlar var. Trend-ə 3 saylı şəhər Klinik Xəstəxanasının baş həkimi Fikrət Zeynalov bildirib ki, yaralıların vəziyyəti normaldır və həyatı təhlükəsi yoxdur.
 
13.11 - Noyabrın 26-da Nardaran qəsəbəsində baş vermiş qarşıdurma zamanı öldürülmüş 3 nəfər qəsəbə sakininin meyiti bu gün səhər saatlarında ailələrinə təhvil verilib.
Qəsəbə sakininin Maide.az-a verdiyi məlumata görə, meyitlər məhdud sayda ailə üzvünün iştirakı ilə dəfn olunub.
Xatırladaq ki, öldürülən kənd sakinləri Fərahim Bünyatov, qardaşı Rəfael Bünyatov və Əkbər Babayevdir.
İki nəfər başqa rayondan olduğu üçün onların verilib-verilməməsi haqda məlumat yoxdur. 
 
12.55 - Nardarana giriş-çıxış yolları əvvəlki kimi bağlıdır. Virtualaz.org saytının müxbiri hadisə yerindən xəbər verir ki, yollar avtomatlı polislərin ciddi nəzarəti altındadır. Qəsəbədə həmçinin çoxsaylı təcili yardım maşınları növbə çəkir.
Digər məlumata görə, Azərbaycanın Hərbi-Dəniz Qüvvələrinin gəmiləri Nardaran qəsəbəsinin sahilboyu zonasında patrul xidməti aparır.
 
11.11 - Noyabrın 26-da Nardaran hadisələrində həlak olanların meyitləri gecə saatlarında ailələrinə təhvil verilib və dəfn olunub. Bu haqda Turan-a Maştağa sakinləri bildiriblər. Dekabrın 1-də Nardaranda dəfn gözlənilir. Bu səbəbdən  kəndin giriş-çıxışında patrul qüvvəsi artırılıb. Mənbə qeyd edib ki, bununla yanaşı bu gecədən Maştağa qəsəbəsinə maşınla giriş qadağan edilib. Bu addımla hakimiyyət dəfnlə bağlı Nardarana daha çox insanın toplana bilməsinin qarşısını almağı nəzərdə tutur.

Hava soyuq olduğundan qaz sərfinə ehtiyac yaranıb, amma aparatlar işlək vəziyyətdə deyil, sakinlər kart ödənişi edə bilmirlər.

***
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun müsavat.com-a verdiyi məlumata görə, hazırda Nardaranda sakinlərin evdən çıxmasına qadağa qoyulub.
 
"Hazırda kənddə Daxili Qoşunların, həmçinin Daxili İşlər Nazirliyinin sərəncamında olan başqa qüvvələri var. Evlərdən çıxmağa icazə verilmir. Telefon şəbəkəsi demək olar ki, çöküb. Bizə heç bir məlumat verilmir"- deyə N.Kərimov bildirib.
 
Cənazələrin kəndə gətirilib-gətirilməməsindən xəbərsiz olduğunu deyən N.Kərimov qeyd edib ki, heç kimlə əlaqə də saxlaya bilmirlər: "Deyəsən, cənazələri gətirib özləri dəfn etmək istəyirlər. Amma dəqiq bilmirik. Kənd ağsaqqallarından bəzilərini də çağırıb deyiblər ki, silah varsa, verin. Kəndə gələn yollar da bağlıdır".

Google+ WhatsApp ok.ru