Nardaranda növbəti əməliyyat: daha 5 nəfər saxlanıldı

Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları növbəti əməliyyat keçirir.
 
Trend-in məlumatına görə, bu gün səhər saatlarında Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə ərazisindən silah-sursat, narkotik maddələr aşkar edilib. Əməliyyat zamanı hadisədə təqsirli bilinən daha 5 nəfərin saxlanıldığı bildirilir.
 
Sabunçu Rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. İdarədən bildiriblər ki, hazırda əməliyyat qrupu Nardaran qəsəbəsindədir və əməliyyat davam edir.
 
Nardaran sakini Məşədi Natiq Kərimov isə sayta bildirib ki, qəsəbədə əməliyyat dünən axşam saatlarından başlayıb və bir neçə nəfər saxlanılıb. Onun sözlərinə görə, saxlanılan şəxslərdən birinin adı Rəşiddir. Saxlanılan şəxslər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. /

Google+ WhatsApp ok.ru