Nardaran hadisələri hakimiyyətə niyə lazım idi?

Nardaran əməliyyatının hazırkı dönəmə təsadüf etməsi maraq doğurur. Baş verənlərlə bağlı kifayət qədər qaranlıq məqam var. Kiçik kənddə belə bir silahlı əməliyyatın keçirilməsi, uşaq və qadın olan evə silahlı hücum nə dərəcədə düzgün idi?

Ekspertlər bunun səbəbləri ilə bağlı müxtəlif fikirlər səsləndirirlər. Öncə onu qeyd etmək yerinə düşər ki, Nardaran əməliyyatı keçirilən zaman Bakıda ISESCO-nun Icraiyyəÿ Şurasının 36-cı iclası keçirilirdi. Dövlət başçısı da toplantıda çıxışı zamanı Azərbaycanda necə dini inanca hörmət bəslənildiyini vurğulayırdı.

Fərziyələrdən biri budur ki, hakimiyyət son zamanlar dini kəsimin aktivləşməsindən və onların siyasi proseslərə müdaxiləsindən narahat olmağa başlamışdı. Elə bu üzdən bu kəsimin gələcək sosial aksiyalarda iştirakının qarşısını almaq məqsədi daşıyıb.

Son olaraq bu fikir də bildirilir ki, belə bir əməliyyatın keçirilməsində məqsəd gündəmi dəyişmək olub. Çünki artıq bir aydan artıqdır ki, MTN və Rabitə Yüksək Texnologiyalar Nazirliyində həyata keçirilən “təmizləmə” əməliyyatı gündəmi zəbt edib.

nureddin-memmedli

AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, Nardaranda baş verənlər hakimiyyətin yürütdüyü yarıtmaz siyasətin nəticəsidir. Ölkədə iqtisadi-sosial vəziyyətin getdikcə ağırlaşdığını deyən N.Məmmədli vurğuladı ki, ölkədəki hazırkı ədalətsiz durum üzündən inanclı kəsim getdikcə güclənməkdədir: “Hakimiyyət zaman-zaman bu cür addımlardan istifadə edərək cəmiyyəti xof, qorxuda saxlamaq üçün istifadə edib. Ona görə də ölkədə getdikcə populyarlığı artan dini qrup üzərində də bu cür addım tətbiq edildi. Ölkədə bu cür meyllərin güclənməsi böyük problemlərə səbəb ola bilər. Təəssüf ki, hakimiyyətin bu problemləri həll etmək üçün heç bir konsepsiyası yoxdur. Ona görə düşünürəm ki, AXCP sədrinin bu məsələ ilə bağlı facebook səhifəsində paylaşdığı status baş verənlərə düzgün və analitik yanaşmanın nəticəsidir. Hakimiyyət problemlərin həlli üçün konsensus meyillərini gücləndirməlidir. Hazırkı böhran vəziyyətinin qarşısını almaq üçün ciddi islahatların aparılmasına ehtiyac var”.

ibrahim-ibrahimli-enyeni

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Ibrahim Ibrahimli bildirdi ki, baş verənlərin bu cür məcraya yönəlməsi hakimiyyətin daxili siyasətdə yürütdüyü yanlış, proseslərə qeyri-adekvat münasibətinin nəticəsidir. Son dövrlər hakimiyyətin bel sütunu sayılan MTN-də baş verən hadisələrə diqqət çəkən I.Ibrahimli vurğuladı ki, hakimiyyətin göstərişi ilə MTN-in atdığı addımlar cəmiyyətdə böyük narazılığa səbəb olub: “Sosial narazılığın fonunda Azərbaycanda narazılıq pik həddə çatdı. Hakimiyyətə qarşı inamsızlıq formalaşmağa başladı. Belə bir məqamda hakimiyyət gündəmi dəyişməyə, toplumun diqqətini hakimiyyət strukturlarında baş verən bu hadisələrdən yayındırmağa çalışır. Ona görə hakimiyyət inanclı kəsimi təxribata çəkərək, silah işlədir. Məhərəmliklə bağlı tədbirlərin qarşısının alınması və digər hərəkətlər hakimiyyətin düşünülmüş addımı idi”. azadliq.info /

 

Google+ WhatsApp ok.ru