Narkotik maddə istifadəsində yaş həddi cavanlaşır

“Azərbaycanda narkotik maddə istifadəsinin geniş yayılmasının ən mühüm səbəbi ölkənin tranzit mövqedə yerləşməsidir”.
 
Respublika Narkoloji Mərkəzin şöbə müdiri Afət Məmmədova deyib ki, Azərbaycanda, ümumiyyətlə, dünyada narkomanlıqdan tam olaraq sağalma faizini ya rəqəmini söyləmək qeyri-mümkündür. Bu xəstəliyin təkrar yaranma ehtimalının olduğunu deyən şöbə müdiri qeyd edib ki, narkomaniya tibbi, həm də sosial bir xəstəlikdir. Onun sözlərinə görə, xəstənin sağlam sosial mühitə düşməsi yenidən istifadə hallarının qarşısını almağa kömək edəcək.
 
A.Məmmədova əlavə edib ki, son illərdə narkotik maddə istifadəçilərinin artma tendensiyası ilə yanaşı narkotik maddə istifadəsində yaş həddinin cavanlaşması müşahidə olunur: “Respublikada qeydiyyatda olan narkotik istifadəçiləri yaş qruplarına görə bölsək, təəssüflə qeyd edim ki, 14 yaşında 1 nəfər, 15-17 yaş arası 6 nəfər rəsmi statistik qeydiyyatdadır. Məhz o nöqteyi-nəzərdən görülən bütün işlərin əsas məqsədi gənclər arasında  profilaktik tədbirlərin aparılmasıdır. Respublika Narkoloji Mərkəzi son iki ildə Təhsil Nazirliyinin əməkdaşlığı ilə xüsusən orta məktəb şagirdləri arasında profilaktik tədbirlər həyata keçirir. Səhiyyə və Təhsil Nazirliyi arasında imzalanan memoranduma əsasən, Bakı və regionlarda bütün orta məktəb, ali məktəblərdə bu yöndə tədbirlər həyata keçirilib. Bu xəstəliyin başlanmasında 18-20 yaş qruplarındakı insanlar üstünlük təşkil edir”.
 
A.Məmmədova vurğulayıb ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Respublika Narkoloji Mərkəzinə təqdim etdiyi rəqəmin 50-60%-ni narkomanlar təşkil edir. Onun sözlərinə görə, onlar  QİÇS-in yayılmasında birbaşa risk qrupu oynayan narkotik maddə istifadəçiləridir. apa/
 

Google+ WhatsApp ok.ru