Natiq Cəfərli: “İşsizliyin kütləvi artması 2016-cı ilin əvvəllindən başlayacaq”

Azərbaycandakı iqtisadi böhran nəticəsində kütləvi ixtisarlar davam edir.İndiyə qədər əksər dövlət qurumlarından minlərlə işçi ixtisar edilib. Bu ilin iyun-iyul ayları ərzində Azərbaycanın maliyyə sahəsində çalışan işçilərin 10,06%-i və ya 3,4 min nəfəri ixtisara düşüb. Cari ilin iyul ayında maliyyə sahəsində çalışan muzdlu işçilərin orta aylıq sayı 30,4 min nəfər təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, may ayında isə bu göstərici 33,8 min nəfər olub. Ekspertlərin fikrincə bu proses artma tempi ilə davam edəcək.
 
İqtisadçı ekspert Natiq Cəfərli Deyerler.org-la fikirlərini bölüşərkən bildirib ki, yeni büdcə qəbul olunduqdan sonra büdcə azalmalarını hiss edəcəyik: “Əslində ixtisarlar kommersiya qurumlarında çox ciddi şəkildə hiss olunmaqdadır. Dərman şirkətlərinin böyük əksəriyyəti bağlandı. Qalanları isə böyük ixtisarlar həyata keçirdi.
 
İlkin ehtimallara görə təkcə bu sahədə 4 minə yaxın insan işsiz qalıb. Əhali vizual olaraq şəhərdə hər gün dükanların və ya ticarət obyektlərinin bağlanmasını müşahidə edir.
Hərəsində 2-5 nəfər insan çalşırdı. Bu da kifayət qədər insanın işsiz olması deməkdir. Amma kütləvi olaraq işsizliyin artması çox güman ki, 2016-cı ilin əvvəllərindən başlayacaq.
Çünki, yeni büdcə qəbul olunduqdan sonra büdcə azalmalarını hiss edəcəyik. Büdcənin azalması həm təmir-tikinti sahəsinə, dövlət və hökumət idarələrində çalşan insanların sayına təsir göstərəcək. Burada bir maraqlı cəhət də ondan ibarətdir ki, dövlət investisiyalarının azaldılması dolayısı ilə kommersiya sektorunda ciddi ixtisarlara səbəb olacaq.
Çünki, investisiya xərclərinin böyük bir həcmi təmir-tikinti məhsullarının daşınmasında çalışan insanların qazancını da təmin edirdi. Buraya daş karxanaları, beton zavodları və s. kimi istehsal yerlərində çalışan işçiləri aid etmək olar. Bir çox insanlar öz şəxsi maşınları ilə tikinti obyektlərilə sıx çalışırdılar. İnvestisiya xərclərinin azalması zəncirvari şəkildə bu insanların da yaşayışına təsir edəcək. Biz bu prosesləri gələn ilin ilk aylarında daha ciddi şəkildə hiss edəcəyik”. /
 

Google+ WhatsApp ok.ru