Natiq Kərimov Nardaranda həlak olanların meyitlərinin hələ də verilmədiyini bildirib

Noyabrın 27-də günortadan Nardaranda elektrik enerjisinin kəsilməsilə yaranan problem aradan qaldırılmayıb. Bu barədə Turan-a qəsəbə Ağsaqqallar Şurasının sədri Natiq Kərimov bildirib.
 
Qəsəbədə qazın da olmadığını xatırladan N.Kərimov sakinlərin evləri qızdırması üçün odun doğradığını, həyətlərindəki ağacları kəsməyə məcbur olduqlarını söyləyib. “Qəsəbədə 9 min adam yaşayır, bunun qocası, ahılı, körpəsi, xəstəsi var, bu nə deməkdir?”, - N.Kərimov etirazını ifadə edib. O, “Azərişıq”ın qəsəbədə işıqları söndürməsinə səbəb kimi abonentlərin borclu olduqlarını göstərməsini məsuliyyətsiz cavab kimi dəyərləndirib. Onun sözlərinə görə, bu cavab həm də bütün qəsəbəyə hörmətsizliyin ifadəsidir. “İşıqların kəsilməsi əhalini qıcıqlandırır, elə bil hansısa gizli əl bilərəkdən hadisələri daha da qızışdırır və bu çıxış yolu deyil”, - kənd ağsaqqalı qeyd edib.
 
Eyni zamanda polisin qəsəbədə keçirdiyi əməliyyat zamanı həlak olanların meyitlərinin  hələ də verilmədiyi bildirilib. N.Kərimov hadisələr zamanı 2 polis və 4 mülki şəxsin həlak olduğunu deyib. Daha sonra bir mülki şəxsin də sonra naməlum şəraitdə həlak  olduğunu bildirərək  həlak olan mülki şəxslərin sayının 5-ə çatdığını deyib. “Biz meyitlərin verilməsini gözləyirik.  Bizə verilən xəbərə görə, noyabrın 28-də günorta verilməlidir ki, aparaq dəfn edək”, - N.Kərimov qeyd edib. O, bu hadisələrdə günahkar olanlar varsa istintaqın, məhkəmənin üzə çıxarmalı olduğunu deyərək istintaqın, məhkəmənin sübut və qərarı ortada olmadan insanları cinayətdə ittiham etməyin hüquqdankənar olduğunu vurğulayıb.  
 
Nardaran hadisələri fonunda telekanalların, bəzi rəsmi şəxslərin bu hadisələri terror, dövlət əleyhinə fəaliyyət kimi dəyərləndirmələrinə N.Kərimov qəti etirazını bildirib. N.Kərimov kənd ağsaqqallarının hakimiyyət təmsilçilərilə danışıqlar aparmaq istəməsi təkliflərinə bəzi səlahiyyətli şəxslərin “ekstremistlərlə danışıqlar aparmırıq” cavabına da etirazını ifadə edib. “Bizlərin ekstremist olduğunu harada görüblər, hansı faktla təsdiqlənib bu iddia? İnsan danışmazdan öncə bir ağzından çıxan sözü qulağı eşidər ki, nə deyir”, - N.Kərimov qeyd edib. O, Nardaranda baş verən olayların Yaxın Şərqdəki hadisələrlə eyniləşdirilməsi cəhdlərini “məntiqdən uzaq düşüncə” kimi dəyərləndirib. “Biz heç zaman dövlətin və dövlətçiliyin əleyhinə olmamışıq, olmaycağıq da”, - N.Kərimov qəsəbə sakinlərinin mövqeyini ifadə edib.contact /

Google+ WhatsApp ok.ru