Nazir şikayətçini qəbul otağından qovdurub

«Azadlıq» qəzeti yazır ki, iqtisadiyyat naziri Şahin Mustafayevin yanvarın 22-də Saatlıda vətəndaşlarla görüşündə qalmaqal yaşanıb. Nazir şikayətçilərdən birini – Ramil Hüseynovu qəbul otağından qovdurub. Bu haqda Ramil Hüseynovun atası, Ağdamdan məcburi köçkün Əli Hüseynov məlumat verib:
 
«Üzümü Şahin Mustafayevə tutub soruşuram: 22 yanvar tarixində televiziyada elan verirsiniz ki, bir nazir kimi Saatlı rayonunda vətəndaşları qəbul edəcəyəm. Biz də sizi vicdanlı məmur bilib Bakıdan Saatlıya qəbulunuza gəlmişdik. Oğlum da, mən də hamı kimi qəbula yazılaraq qəbul otağında növbəmizi gözləyirdik. Oğlumun növbəsi yaxınlaşanda, özünü polis kimi təqdim edən iki nəfər mülkigeyimli şəxs oğlumun qolundan tutaraq bayıra çıxmasını tələb etdi. Oğlum bildirdi ki, mən şikayətçiyəm və heç bir qanunu pozmamışam, ona görə də məni qəbul otağından çıxarmağa ixtiyarınız yoxdur. Onların cavabı isə belə oldu: «Biz kimik ki?! Bizə rəhbərlik tapşırıb ki, qəbul otağında Hüseynov Ramil adlı şəxs var, onu oradan uzaqlaşdırın».

Google+ WhatsApp ok.ru