Nazirlik Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.
 
Departamentdən Maide.Az-a verilən məlumata görə, mayın 19-u günün ikinci yarısından 21-i səhərədək Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, havanın temperaturunun mayın 20-də 4-7 dərəcə aşağı enəcəyi gözlənilir.
 
Mayın 18-i axşam şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, əsasən gecə və axşam şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Havanın temperaturu mayın 20-də 5-8 dərəcə aşağı enəcək. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.
 
Eyni zamanda, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Gecə yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. 
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 14-16, gündüz 24-29, Bakıda gecə 14-16, gündüz 26-28 dərəcə isti olacaq.
Azərbaycan rayonlarında sabah əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 14-18, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 16-20 dərəcə isti olacaq. /

Google+ WhatsApp ok.ru