Novella Cəfəroğlu: `Bu, əxlaqsızlıqdır`

Ölkədəki insan haqları pozuntuları və siyasi məhbuslarla bağlı fəaliyyətini bərpa edən işçi qrup oktyabrın 31-də növbəti iclasını keçirib.
 
Musavat.com-un xəbərinə görə, tədbir zamanı işçi qrupda təmsil olunan hüquq müdafiəçiləri mətbuat üçün ilk açıqlamalarını veriblər.
 
Hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, işçi qrupun bərpasına aqressiv münasibətin olacağı gözlənilən idi. O, işçi qrupun tərkibinin dəyişdiyini də diqqətə çatdırıb: “İlk iclasımızı bir neçə gün əvvəl keçirdik. Bu qrupa aqressiv münasibəti başa düşürük. Kimlərəsə siyahının başında məşhur adamlar lazımdır, bu siyahılar bəzəkli olmalıdır, onlara bəzi adamlar bəzəkli siyahı üçün lazımdır, azadlıqda deyil. Biz isə hesab edirik ki, belə siyahılar ümumiyyətlə olmamalıdır, istəmirik ki, həmin adamlar siyahılarda olsunlar. Biz düşünürük ki, kolleqalarımız azadlıqda olmalıdır və fəaliyyətlərini davam etdirməlidir”.
 
Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə deyib ki, işçi qrupun tərkibində həbsdə olan hüquq müdafiəçilərini də görmək istəyərdilər: “Biz öz dostlarımızı, kolleqalarımızı sözsüz ki, həbsdən çıxaracağıq. Buna çalışırıq. Biz İntiqam Əliyevi, Rəsul Cəfərovu, Emin Hüseynovu işçi qrupun içində görmək istəyərdik. Bizə “Keşiş Qaponluq” etməsinlər, provakasiyaya getməsinlər. İmkan versinlər bir müddət, bir neçə ay addımlarımızı ataq, işimizi görək, sonra münasibət bildirsinlər”.
 
O deyib ki, işçi qrupun işləməyəcəyini demək doğru deyil: “İşləmirlər, işləməyəcəklər demək çox gülüncdür. Bizim cəmiyyət arasında da, beynəlxalq təşkilatlar arasında da nüfuzumuz çox yüksəkdir. İşçi qrupla bağlı, qrupu dəstəkləməmək üçün həbsdəkilərə ərizə yazdırmaq əxlaqsızlıqdır. Sonra həmin adamların ərizəsini Avropa Şurasına göstərmək də bu cürdür. Bizi onlar da tanıyırlar. Bu gün işçi qrupunu yaratmışıq ki, hüquqları pozulan, qanunsuz həbsə atılan insanları oradan çıxaraq. Ona görə lazımdır ki, əl-ələ verib işləyək”.
 
Hüquq müdafiçiləri bildiriblər ki, işçi qrupun növbəti iclası noyabrın ortalarında keçiriləcək. Bunun üçün işçi qrup gərgin şəraitdə işləyir və hər gün iclas keçirərək ərizələri, sənədləri müzakirə edir. /

 

Google+ WhatsApp ok.ru