Nuşirəvan Məhərrəmli: “Özəl kanallardakı şou verilişlər haqqında dosye hazırlanacaq”

“Özəl televiziya kanallarında yayımlanan şou xarakterli verilişlərin hər biri haqqında dosye hazırlanacaq. O dosyedə verilişlərin tərtibatı və sair məsələlər haqda arayış veriləcək. Arayışda qanunvericiliyə zidd hallar olacağı təqdirdə, bu məsələyə baxılacaq”. Maide.az xəbər verir ki, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
 
Şura sədri bildirib ki, özəl televiziya kanallarında yayımlanan şou xarakterli verilişlərlə bağlı hazırlanan arayış artıq hazırlıq mərhələsindədir: “Bununla bağlı iş mütəmadi olaraq aparılır. Həmin şou verilişlərdə Azərbaycanın qanunvericiliyinə zidd halların olub-olmayacağı ciddi şəkildə araşdırılacaq”.
 
N. Məhərrəmli qeyd edib ki, “Space” televiziyasının rəhbərliyi onlara tutulan iradla bağlı üzərlərinə düşən işi görüblər: “Bu özü müsbət bir haldır. Bəzi adamlar işdən uzaqlaşdırılıb, bəzilərinə isə töhmət verilib. Ümumiyyətlə, kanalın reaksiyası normal olanda, bizim də reaksiyamız normal olur”.

Google+ WhatsApp ok.ru