Ombudsmana müraciət edildi

Azərbaycan İslam Partiyası qurumun sədri, hazırda məhbus həyatı yaşayan hacı Mövsüm Səmədova qarşı olunan təzyiqlərlə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanovaya Milli Preventiv Qrupunun rəhbəri Vüqar Məhərrəmova müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

           

 Hörmətli müvəkkil, MPQ-nin hörmətli rəhbəri!  

Üzərinizə götürdüyünüz çətin və çox məsuliyyətli vəzifənin öhdəsindən gəlməniz üçün, şübhəsiz ki, ictimaiyyətin dəstəyinə böyük ehtiyac olduğu kimi, eyni zamanda  cəmiyyətdə də bir çox hallarda Sizlərin köməyinizə zərurətlər yaranır. Bizə və Sizə yaxşı bəllidir ki, cəmiyyətin davamlı, nizamlı və inamlı inkişafı üçün qanunların aliliyi, insan haqlarının qorunması mühüm şərtdir. Bu vacib amil yaşadığımız azad ictimai həyat mühitində olduğu kimi, qapalı şəraitlərdə, o cümlədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində də həmişə diqqət mərkəzində olmalıdır. İnsan haqlarının qorunması təkcə cəmiyyətin birliyinin təmin edilməsi, inamının qazanılması, dövlətçiliyin möhkəmləndirilməsi üçün deyil, beynəlxalq aləmə bir xalqın, bir millətin mənəvi tutumunu, əxlaqlı davranışını, düzgün idarə olunmasını, plyüralist düşüncə tərzini göstərmək üçün də lazımdır.

 

Təəssüflər olsun ki, ölkəmizdə bir çox hallarda bütün bunlara kimlərinsə maraq dairəsindən baxılır, dəyərləndirilir, yeri gələndə üstündən ya xətt çəkilir, ya da fərdi mənafelərə tabe etdirilərək ayaq altına atılır.

 

Nümunə olaraq deyə bilərik ki, dindarlara qarşı münasibətdə belə nöqsanlara yol verilir, hüquqları kobud şəkildə pozulur. Belə ki, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun günahsız həbsi ölkədə hər kəsə bəllidir. Amma o, 12 il həbs cəzasına məhkum edilib. Bununla belə ona rahat məhbus həyatını yaşamağa da  şərait yaradılmır. M. Səmədov həbs müddətinin 3 il yarımını  penitensiar xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində keçirmişdir. Amma ötən ayın 16-da heç bir ciddi səbəb olmadan onu 12 saylı cəzaçəkmə müəssisəsinə köçürmüşlər. Həmin müəssisə Güzdək ərazisində, ağır iqlimi və mütəmadi görüş üçün çətin şəraiti olan yerdə yerləşir. M. Səmədovun səhhətində isə ciddi problemlər vardır. Bundan başqa o həmin cəzaçəkmə müəssisəsinə daxil olan kimi cərimə rejiminə keçirilmiş, 12 gün cərimə təcridxanasında saxlanılmışdır.

 

Bütün bunlar Mövsüm Səmədova qarşı açıq qərəz və psixoloji təzyiq göstərildiyini sübut edir. Ali təhsilli həkim, İslam dininin bilicisi, alim M. Səmədov əslində qanunları sevən, ədaləti həmişə müdafiə edən, neqativliklərlə barışmayan, torpaq, Vətən, namus, dinimiz və mənəviyyatımız uğrunda canından keçməyə hazır olan bir insandır. Onun bu mövqeyinin hansısa məmuru təmin etməməsi ona qarşı ambisiyalara səbəb olmamalıdır. Amma baş verənlər göstərir ki, həbsxana şəraitində belə günahsız vətəndaşlara işgəncələr verilir, onların haqq və hüquqları pozulur.

 

Hörmətli Elmira xanım, hörmətli Vüqar bəy!

Ölkəmizdə insan haqlarının qorunması, qanunların aliliyinin təmin olunması istiqamətində atdığınız hər hansı bir addım təqdirəlayiqdir, bəyənilir. Amma bu gün cəmiyyəti çox ciddi narahat edən, haqsızlığın davam edəcəyi təqdirdə ağır fəsadlara səbəb ola bilən hallar da tezliklə aradan qaldırılmalıdır. İnanırıq ki, vətəndaşlarımızın etimadını qazanmaq, dövlətçilik, xalqımızın beynəlxalq imici baxımından yeni müsbət addımlar atmaq əzminizi göstərəcəksiniz. Hesab edirik ki, vətəndaşlara qarşı baş verən hər hansı bir haqsızlıq ölkəmizin daxili problemi kimi daxildə həll olunmalı, nöqsanlar aradan qaldırılmalıdır.

 

Sizlərdən reallığı araşdırmağı, problemlərə, o cümlədən Mövsüm Səmədovun hüquqlarının pozulması hallarına obyektiv mövqedən yanaşmaqla hüquqi qiymətləndirmə aparacaq, ədalətli qərar qəbul edəcəksiniz.

 

Azərbaycan İslam Partiyası 60 minlik üzvü adından. islaminsesi/

Google+ WhatsApp ok.ru