Onlayn ticarət beşikdə boğulub

Onlayn ticarət beşikdə boğulub

"Exo" qəzetində isə "Azərbaycanda onlayn-ticarətə vergi vaxtından qabaq tətbiq edilib?" sualına cavab axtarılır.
 
Ekspert Əkrəm Həsənov mövzu ilə bağlı qəzetə bunları deyib: "Prinsip etibarilə, elektron ticarətin ölkədə vergiyə cəlb olunması əsaslıdır. Amma fikrimcə, bunu vaxtından tez ediblər. Çünki elektron ticarət Azərbaycanda yenicə cücərirdi, bu qərar isə elektron ticarəti heçə endirib".
 
Ekspert hesab edir ki, bu qərar bir neçə il sonra verilsəydi, böyük səmərəsi olardı.
 
Ə.Həsənov deyib ki, bir neçə il ərzində insanlar elektron ticarətə öyrəşəcəkdi.
 
Ekspert vurğulayıb ki, dövlət daxilolmaları dolayı vergilərlə artırmaq istəyib.
 
Müəllif xatırladır ki, 2016-cı ilin sonunda Vergilər Nazirliyi elektron ticarətə əlavə dəyər vergisi (ƏDV) tətbiq edib. ƏDV 18 faiz təşkil edir. Onlayn iş, xidmət istifadəçiləri, onlayn-lotereya, yarış və müsabiqə iştirakçıları bu vergiyə cəlb olunur.
 
İqtisadçı-ekspert Fuad Əlizadə isə qəzetə deyib ki, Vergilər Nazirliyinin müəyyən etdiyi bu vergi norması ədalətli deyil. Üstəlik, xarici ölkələrlə müqayisədə Azərbaycanda onlayn ticarətin həcmi olduqca azdır: "Amma Qazaxıstanda bu ticarət növünün dövriyyəsi 8 milyarda bərabərdir. Əgər bu sahə başqa ölkələrdəki kimi inkişaf etmiş sahə olsaydı, vergi tutmaq olardı .Amma bu gün bunun əsla yeri deyil". /

Google+ WhatsApp ok.ru