Oşun keçmiş meri Qırğızıstana qayıdıb

Oşun keçmiş meri Qırğızıstana qayıdıb

Türkiyədən Oş beynəlxalq aeroportuna gecəyarısı çatan Mirzaxmatov birbaşa tərəfdarlarının onu gözlədiyi mərkəzi meydana gedib
 
Oşun keçmiş meri Melis Mirzaxmatov oktyabrın 7-də ölkəsinə qayıdıb. O, tərəfdarlarına deyib ki, Qırğızıstan “çox təhlükəli vəziyyətdədir”. Müxalifət 7 oktyabr seçkisinin saxtalaşdırıldığını elan edib, zorakı etirazlardan sonra seçkinin nəticələri ləğv olunub.
 
Türkiyədən Oş beynəlxalq aeroportuna gecəyarısı çatan Mirzaxmatov birbaşa tərəfdarlarının onu gözlədiyi mərkəzi meydana gedib. Bu haqda AzadAvropa/AzadlıqRadiosu-nun Qırğızıstan xidməti xəbər verir.
 
Ölkəni kimin idarə etdiyi bəlli deyil
 
O, tərəfdarlarını “milli birliyi saxlamağa, vətəndaş müharibəsinin təşkilində və ölkəni parçalamaqda maraqlı qüvvələrə müqavimət göstərməyə” çağırıb.
 
Mirzaxmatov parlament seçkisinin “çox çirkin” keçdiyini, yalnız layiqli şəxslərin parlamentə seçilməli olduğunu vurğulayıb.
 
Bişkekdə və digər şəhərlərdə oktyabrın 5-də xaotik etirazlar keçirilib. Müxtəlif siyasi qüvvələr hakimiyyəti ələ keçirdiyini iddia edib. Prezident Sooranbay Jeyenbekov bütün bunları çevriliş cəhdi adlandırıb.
 
Jeyenbekovun harada olduğu bilinmir. Hazırda ölkəyə kimin rəhbərlik etdiyi də bəlli deyil, həm prezident, həm də müxalifət partiyaları hakimiyyətdə olduğunu bəyan edir.
 
“’Oğrular və quldurlar’ qarışıqlıq yaratmağa çalışırlar”
 
Mirzaxmatov deyib ki, “oğrular və quldurlar” qarışıqlıq yaratmağa çalışırlar, “ancaq biz buna imkan verməyəcəyik, ölkənin bütövlüyü və inkişafı uğrunda savaşacağıq”.
 
Oşun keçmiş meri 2015-ci ildə yeddi illik həbsə məhkum edilib, hakimiyyətdən sui-istifadə və korrupsiyada təqsirli bilinib. Özü isə ittihamları siyasi motivli sayır.
 
Mirzaxmatov vaxtilə keçmiş prezident Kurmanbek Bakiyevlə əlaqələri olan tanınmış məmur idi. Bakiyev devriləndən, 2010-cu ildə Oş və ətraf ərazilərdə etnik qarşıdurmalardan sonra vəzifəsini saxlaya bilmişdi. Qırğızıstan hökuməti bir neçə uğursuz cəhddən sonra 2013-cü ilin dekabrında onu vəzifədən kənarlaşdıra bildi.
 
Qırğızıstan Rusiyanın müttəfiqidir, Moskva, Vaşinqton və Pekin arasında uzun müddət geosiyasi rəqabət platformasına çevrilib.
 
Seçkidən sonrakı etirazlarda nümayişçilər parlamentin və prezident idarəsinin yerləşdiyi binaya girib, korrupsiyada təqsirli bilinmiş keçmiş prezident Almazbek Atambayevi həbsdən azad ediblər.
 
Polisin su şırnaqları, rezin güllələr, gözyaşardıcı qaz və səs qumbarası ilə dağıtdığı etirazlarda bir nəfər ölüb, 590 nəfər yaralanıb.
 

 

Google+ WhatsApp ok.ru