Parıltılı fasadlar Azərbaycanın qara reallığını gizlədir

Casey Michel «The Moscow Times»da Azərbaycanda Avropa Oyunlarının dəbdəbəli açılışından, Lady Gaga-nın 2 milyonluq ifasından, ölkədə siyasi rejimin özünü tolerant, islam fundamentalizmi və Rusiya ekspansionizminə qarşı istehkam kimi təqdim etməsindən yazır.
 
«Azərbaycan keçmiş sovet məkanında PR maşınından ən fəal istifadə edən ölkədir. Avropa Oyunlarına ev sahibliyi, Lady Gaga-nın birdəfəlik çıxışına bu qədər pulun səpələnməsi də həmin maşının bir hissəsidir... Bakı istəyir ki, dünya onu postsovet məkanının incisi kimi görsün, reallıqda isə bu rejim Orta Asiyanın qəddar avtokratlarına yaxınlaşmaqdadır. Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanı dünyada senzuranın olduğu ölkələr içində 5-ci yerə layiq görür. Tanınmış araşdırmaçı-jurnalist Xədicə İsmayıl həbsdədir». Həbsdəki digər fəallardan bəhs edən müəllif yazır ki, bütün bunlar Avropa Oyunlarının gözqamaşdıran dəbdəbəsi arxasındakı reallıqlardır.
 
«AZƏRBAYCAN: ARTIQ YETƏR!»
 
«Human Rights Watch» hüquq müdafiə təşkilatının Cənubi Qafqaz üzrə tədqiqatçısı Giorgi Gogia Azərbaycanda insan haqlarının durumunun bu həftə iki qurumda müzakirəsindən yazır – BMT və Avropa Şurasında. «Yüksək səviyyəli bu diqqət əvvəllər müşahidə olunmayıb və yerinə düşür. Azərbaycanın 24 illik müstəqillik tarixində insan haqlarının durumu heç vaxt belə pis olmayıb».
 
 
«Düz bir il öncə Strasburda prezident İlham Əliyevin Assambleyada çıxışına qulaq asırdım. O, qızıl-qırmızı təkrarlayırdı ki, ölkəsində bütün fundamental hüquq və azadlıqlar təmin olunub, ona meydan oxuyanlara «yalançı» deyirdi. Ona qulaq asanda Azərbaycandakı həmkarlarım üçün qorxurdum. Ötən il qorxularımın əbəs olmadığını göstərdi. Həmkarlarımın demək olar hamısı ya həbsdədir, ya ölkəni tərk edib, ya da gizlənib».
 
«AŞPA-nın Azərbaycanla bağlı qətnaməni qəbul etməsi Avropa Şurasının nüfuzu və Azərbaycandakılar üçün çox vacibdir. Ancaq indi Azərbaycan hökumətinin bu çağırışlara cavab verməsini təmin etmək ölkənin beynəlxalq tərəfdaşlarından asılıdır».  azadliq.org /

Google+ WhatsApp ok.ru