İranlı iş adamlarına çağırış: `Azərbaycanla əlaqələrin inkişafını prioritet seçin`

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin ölkəsinin iş adamlarından Azərbaycanla hərtərəfli əlaqələrin inkişafını özləri üçün prioritet seçmələrini istəyib.
 
İranın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, M.Pakayin bildirib ki, iki ölkənin özəl sektoru əlaqələri ticarət palataları vasitəsilə genişləndirməlidirlər: “Sənaye sahibləri, investorlar, neft, qaz, neft-kimya, tikinti, səhiyyə, tekstil, ərzaq məhsulları istehsalı avadanlıqları, ağac məmulatları istehsalı və turizm sahəsində çalışan iranlı iş adamlarını Azərbaycanla əlaqələri inkişaf etdirməyi proritet məsələ kimi qəbul etməyə dəvət edirəm”.
 
Səfir qeyd edib ki, İran və Azərbaycan arasında əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaranıb və hər iki ölkə hərtərəfli əlaqələrin inkişafında bütün mövcud potensialdan istifadə etməlidir: "Hər iki ölkə rəhbərliyinin iradəsi əlaqələrin hərtərəfli inkişafına yönəlib. İranın dünya ilə yeni əlaqələr qurması, beynəlxalq ictimaiyyətin ölkəmizə qarşı müsbət baxışı, elm, texnologiya və infrastruktur sahələrində İranın əldə etdiyi nailiyyətlər və ölkəmizdəki böyük iqtisadi potensiallar qonşu ölkələr, xüsusilə də Azərbaycanla müştərək əməkdaşlıq üçün zəmin yaradır”.
 
M.Pakayin deyib ki, İran və Azərbaycan qarşılıqlı mənafe uğrunda öz siyasətlərini davam etdirirlər: “İki ölkə arasında məsafənin yaxın olması, yükdaşıma xərclərinin az olması və hər iki ölkənin bazarlarında müxtəlif məhsullara tələbatın olması əlaqələrin inkişafı üçün zəmin yaradır”.
 
Diplomat iki dost və qardaş ölkənin əlaqələrinin inkişafında parlaq gələcəyi gördüyünü vurğulayıb və gömrük, yükdaşıma, ticarət tarifləri, sığorta, viza verilməsi, azad iqtisadi zonalarda müştərək layihələrin icrası sahəsində problemlərin həlli üçün atılan addımları qənaətbəxş hesab edib.

Google+ WhatsApp ok.ru