Polis Panama sənədlərini ifişa edən şirkətdə axtarış apardı

Panamada Mossack Fonseca hüquq firmasının ofisində axtarış aparılıb. Bu şirkətdən bu günlərdə sızmış sənədlər dünyanın tanınmış şəxslərinin sərvətlərini ofşor şirkətlərdə saxladığı üzə çıxmışdı.

“Panama Papers” adlı 11 milyondan çox sənəd dünya mediasında işıqlandırılıb. Prezidentlərin, baş nazirlərin, kralların və digər tanınmışların adları bu sənədlərdədir.

Aprelin 12-də şirkətin Panama şəhərində ofisinin ətrafında altı polis işçisi dayanıb, müstəntiqlər içəridə işləyiblər.

Baş prokurorluq yaydığı bəyanatda müstəntiqlərin sənədləri təftiş etdiyini bildirib, ancaq detalları açıqlamayıb.

Mossack Fonseca heç bir yanlışa yol vermədiyini deyir, sadəcə, müştəriləri üçün ofşor maliyyə hesabları və anonim şirkətlər yaratdığını bildirir. Şirkətin həmtəsisçisi Ramon Fonseca deyib ki, əsl cinayət kompüterlərə haker hücumudur. azadliq.org 

 

Google+ WhatsApp ok.ru