Poroşenko Donbasın xüsusi statusu haqqında qanunu təsdiqləyib

Ukrayna prezidenti Pyotr Poroşenko Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarının xüsusi statusu haqqında qanunu imzalayıb.
 
Bu barədə Ukrayna prezidentinin rəsmi saytında dərc olunmuş məlumatda bildirilib.
 
“Xüsusi qaydalar qeyd olunan ərazilərdə müvəqqəti, 3 il müddətinə tətbiq olunur”, deyə məlumatda qeyd olunub.
 
Qanunun əsas məqsədinin Donbasda vəziyyətin normallaşdırılması və sakinlərin qayıtması üçün şəraitin yaradılması, həmçinin bu ərazilərin inkişaf etdirilməsi olduğu qeyd olunub.  
 
Sənəddə Donetsk və Luqansk vilayətlərinin sosial-iqtisadi inkişafına dövlət dəstəyinin verilməsi  və xüsusi iqtisadi rejimin tətbiq olunması barədə qeyd olunub.  
 
Bundan başqa, sənəddə qeyd olunub ki, ağır cinayətlər törətməkdə şübhəli bilinənlər istisna olunmaqla, silahlı birləşmələrin üzvləri təqib olunmayacaq və cinayət məsuliyyətinə cəlb edilməyəcəklər.  

Google+ WhatsApp ok.ru