Prezidentdən məmurlara xəbərdarlıq

“İstifadəsiz qalan torpaqlar da kifayət qədər çoxdur. Vaxtilə kimsə onları ya zəbt edib, ya icarəyə götürüb”. Bunu prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib.
 
Prezident vurğulayıb ki, həmin torpaqlarla bağlı tədbir görülməlidir: “İcarəyə götürüb və elə də qoyub gedib. Deyir ki, mənim orada, burada torpağım var. Sənin torpağın varsa, get, o torpaqda iş gör. Yəni, hesab edirəm ki, biz istifadəsiz torpaqların taleyi ilə bağlı tədbir görməliyik. Kim torpağı icarəyə götürüb istifadə etmirsə, gərək o icarə müqavilələri ləğv edilsin. O müqavilələr verilsin o torpaqda işləyənə. Yoxsa torpağı götürürlər, ondan sonra təyinatı dəyişdirirlər, daha sonra o torpaqlarda müxtəlif obyektlər tikilir və s. Bu, yolverilməzdir. Yerli icra orqanlarının nümayəndələri nəzarət etməlidirlər. Onların rayonlarında əgər kimsə bu işlə məşğul olursa, buna qarşı tədbir görülməlidir”.
 
Dövlət başçısının sözlərinə görə, müvafiq orqanlar yeni təkliflərlə çıxış etməlidirlər: “Onsuz da bizim o qədər də çox torpağımız yoxdur. İcazə verə bilmərik ki, istifadəsiz qalsın, yaxud da ki, torpaqdan səmərəli şəkildə istifadə edilməsin. Əksinə, mən keçən il demişəm, bir daha demək istəyirəm ki, hər bir rayonda ixtisaslaşma aparılmalıdır. Hansı rayonda nə əkilməlidir, hansı məhsul yetişdirilməlidir?! Budur, bizim əsas işimiz”.lent.az /

 

Google+ WhatsApp ok.ru