Qaçqınlara evlərinə qayıtmaq üçün pul verirlər

Norveç hökuməti bu ölkədə sığınacaq istəyən qaçqınların evlərinə qayıtması üçün onlara pul verir. Ölkəni könüllü tərk edən şəxslərə on minlərlə kron təklif olunur, uçuş pulları da ödənilir. Bu barədə «The Independent» qəzeti yazır. 
 
İmmiqrasiya departamentindən Katinka Hartmann deyib ki, Suriya, İraq, Yaxın Şərq və Afrikadan gələn xeyli insan tezliklə qoruma əldə etmək istəyir, aylar, bəzən illərlə çəkən prosesi gözləyə bilmirlər. «Onlar burada iş və ya təhsil imkanı əldə edəcəklərini, hətta ailələrini də Norveçə gətirəcəklərini düşünüblər», - o, NRK televiziyasına deyib.
 
«Uzun müddət Norveç adamları məcburən Somaliyə qaytara bilməyib, ancaq indi bunu edə bilirik və məncə, qayıtmaq öhdəliyi olan daha çox somalili - qayıtmasına yardım olunarsa - belə edər».
 
Rəsmi rəqəmlərə görə, 900-dən çox adam Norveçdən çıxmaq məqsədilə maliyyə yardımı üçün müraciət edib. Məsələn, 2 uşağı olan ailə uçuş biletindən savayı 80 min kron (6 min 200 funt sterlinq) ala bilər. Müraciət edənlərin sayı artmaqdadır.
 
Belə ki, ilin əvvəlində ayda ortalama 100 müraciət olurdusa, oktyabrda 150, noyabrda 230 müraciət olunub. Sığınacaq üçün müraciəti rədd olunanlar isə iqtisadi yardım da ala bilərlər.
 
Yanvarda Norveçdə sığınacaq üçün 570, oktyabrda isə 8 min 575 müraciət daxil olub.

Google+ WhatsApp ok.ru