Qarabağın incisini artıq Qazaxda da görmək mümkündür

Xarı bülbül deyəndə ilk olaraq göz önünə Qarabağ, Şuşa gəlir. Gözəlliyi ilə göz oxşayan bitki daha çox bu bölgədə, dağlıq ərazilərdə bitir. Ancaq Qazax sakinləri bu təbiət incisini elə öz rayonlarında da görə bilir.
 
Qazax sakini Şaban Abdullayev Xarı bülbülü ilk dəfə 38 il öncə Şuşada gördüyünü deyir. İllər sonra 80 yaşlı rayon sakini yaşadığı dağ kəndi Fərəhlidə, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən Odun dağı meşəsində Qarabağ incisinin yetişdiyinin şahidi olub.
 
Şaban Abdullayev- Qazax sakini: “Əvvəllər Şuşada görmüşdüm, Fərəhlidə gördüyümü deyəndə heç kim mənə inanmadı. Çünki hamı elə bilir ki, yalnız Şuşada bitir. Ancaq bu dağlıq bölgənin iqlimi Şuşanınkına oxşayır. Ona görə də bu bitki Odun dağı meşəsində də bitib”.
 
Xarı bülbül sanki gülün üzərinə qonmuş bülbülü xatırladır. Bülbülün bağrının altındakı gül al-qırmızı rəngə boyanıb. 
 
Xarıbülbülün digər adı Qafqaz qaş Səhləbidir. Toxum və vegetativ yolla çoxalan bitkinin 50-dən çox növü var ki, onun da əksəriyyəti ölkəmizdə yetişir.  Xarı bülbül nadir bitki hesab olunuraraq Qırmızı kitaba salınıb.

Google+ WhatsApp ok.ru