Qarabağ qazisinin həyatı təhlükədədir

“Anam həyatda qalması üçün təcili surətdə əməliyyat olunmalıdır”

Yataq xəstəsi olan Tutu ləqəbli Qarabağ qazisi Ruxsarə Cumayeva omba sümüyündəki problemlə əlaqədar olaraq təcili əməliyyat edilməlidir. 
 
Xanım qazimiz anadangəlmə ayaqlarından əlil olmasına baxmayaraq döyüşlərdə iştirak edib və müharibədə aldığı zədə nəticəsində ayaqlarının fəaliyyətini, demək olar ki, tamamilə itirib. Bununla əlaqədar olaraq bir neçə dəfə əməliyyat olunsa da səhhətindəki problem öz həllini tapmayıb. 
 
Ruxsarə Cumayeva bu günlərdə müvazinatını itirib yıxıldığından vəziyyəti daha da ağırlaşıb. 13 yaşlı qızı Rəqsanənin sözlərinə görə anası həyatda qalması üçün təcili surətdə əməliyyat olunmalıdır.
 
Qeyd edək ki, əməliyyat üçün 18 min manat lazımdır. Xeyirxah insanların köməyi ilə tələb edilən pulun çox az, cüzi hissəsi toplana bilib. 
 
Xatırladaq ki, Rüxsarə Cumayeva Zaqatala rayonunun Bəhmətli kəndində anadan olub. O, uşaqlıq yaşında olanda sol omba nahiyəsindən travma alıb. Bakı Dövlət Universitetinin tələbəsi olan Qarabağ müharibəsi veteranı torpaq uğrunda qızğın savaş getdiyi üçün təhsilini yarımçıq qoyur. O, anadangəlmə şikəst olmasına baxmayaraq (hər iki bud çanaq oynağının anadangəlmə yüksək çıxıqları və artrozları və ya omba nahiyəsində anadangəlmə travma), könüllü şəkildə Zaqatala hərbi komissarlığından birbaşa döyüşə yollanıb. 
 
Hələ universitetdə oxuyarkən ali məktəbin nəzdində fəaliyyət göstərən kursda tibbi-praktik biliklərə yiyələnib. Onun tibbi savadı məhz Qarabağ savaşında hərbi tibb bacısı işləməsinə imkan yaradıb. Döyüş anında sağ əlindən və sol ayağından qəlpə yarası alan  xanım qazimiz buna baxmayaraq hərbidən uzaqlaşmayıb. O, 1994-cü ilin fevral ayına qədər cəbhədə tibb bacısı kimi xidmət edərək yüzlərlə yaralı əsgər və zabitlərimizə vaxtında tibbi yardım göstərərək onların yenidən həyata qayıtmasında mühüm rol oynayıb.
 
İndi isə cəsarətli Qarabağ qazimizin həyatını xilas etmək vaxtı gəlib çatıb. İmkanlı şəxslərdən Tutu ləqəbli  Ruxsarə Cumayevaya əməliyyat olunması üçün köməklik göstərmələri xahiş olunur. 
 
R.Cumayeva ilə əlaqə telefonu:
Mobil: 050 395 67 80
Ev: (012) 449 40 26

Google+ WhatsApp ok.ru