Qaxda internetsizlik həyatı iflic edib: Tələbələr imtahan verə, şagirdlər dərs keçə bilmir

Qaxda internetsizlik həyatı iflic edib: Tələbələr imtahan verə, şagirdlər dərs keçə bilmir

O, bütün dünyanı hörümçək toru kimi birləşdirib və bu gün həyatımızın ayrılmaz hissəsinə çevrilib. Qloballaşan dünyamızda həyatımızı onsuz təsəvvür etmək qeyri-mümkündür. Xüsusən koronavirus (COVID-19) pandemiyası dövründə insanlara hava-su kimi lazım olan internetin vəziyyətindən hər kəs giley-güzar edir. Elə Qax rayonunun əhalisi kimi.
 
Afaq Abbaslı kitabxanaçıdır. Deyir ki, bu dönəmdə internet onun üçün olmazsa olmazlardandır: "Karantin başlayandan bizim işimiz birə-beş artıb. Mən hər gün oxucularımız üçün dünya və Azərbaycan ədəbiyyatının nümunələrindən ibarət videoçarxlar hazırlayıram. Onu sosial şəbəkələrdə paylaşmaq üçün saatlarla vaxtım gedir. Keçən həftə bir videonu yükləmək iki gün vaxtımı aldı. Hələ mən Qaxın mərkəzində yaşayıram, görün kəndlərdə vəziyyət necədir?"
 
Şikayətçi rayon sakini Çimnaz Əhmədova isə deyir ki, Qaxda internetin pulunu bir gün gecikdirsən, onu başqasına satırlar.
 
"Sözün əsl mənasında monopoliyadır. Karantin başlayandan, 20 dəfə müraciət etdim, xeyri yoxdur. Uzun müddət Rusiyada yaşamışam. Orada istədiyin operatora qoşula bilirdin. Nə stasionar telefon, nə də qeydiyyat axtarmırdılar. Bir günə evə internet qoşub, müqaviləni bağlayırdılar. Lazım olmayanda da, neçe aylıq istəsən bağlatdırırdın. Bizdə isə 1 il yalvarmalısan, rüşvət təklif etməlisən. Bu cür internet təminatıyla hansı onlayn dərsdən danışmaq olar?", - Çimnaz Əhmədova bildirib.
 
İlhamə Qurbanova isə kəndlərindəki internet problemi ilə yanaşı, elektrik problemindən də söz açıb: "Qaxın Şıxlar kəndində işıq problemi var. İmtahan başlayanda işıq söndürülür, imtahan qurtaran kimi yandırılır. İqtisadiyyat Universitetinin tələbəsi artıq 2 fəndən imtahanda iştirak edə bilməyib. Başqa tələbələr də imtahanda iştirak edə bilməyib. İşıq stansiyası da kəndin mərkəzindədir. Valideynlər gediblər ki, vəziyyəti anlatsınlar, uşaq imtahanda siyahı üzrə 3-cü tələbədir, 20-30 dəqiqəlik işıq yansa, uşaq imtahanı verər. Veclərinə də almayıblar. Sabah yenə imtahandır. Tələbənin nənəsi gedib bu gündən işıq stansiyasında oturub ki, heç olmazsa, nəvəsi sabahkı imtahanda iştirak edə bilsin".
 
Nadir Şirinov hesab edir ki, dünyanın ən zəif interneti Qaxdadır: "Qax rayonunun mərkəzində belə internet çox problemlidir. Heç cür istifadə etmək olmur. Avadanlıqlar tez-tez donur. Bəlkə də dünyada ən zəif internet Qaxdadır. Ələxus axşamlar heç cür istifadə efmək olmur".
 
Aslan Şanidzenin də övladları sözügedən problemə görə, təhsildən yayınıb: "Turaclı kəndindənəm. İnternet olmadığından, övladlarım karantin vaxtı dərsdən məhrum oldular. Şayiələr gəzir ki, karantin dövrü yanvara qədər davam edəcək. Karantin dövrü davam etsə, nə olacaq bilmirəm".
 
Haqqında danışdığımız problemlə bağlı, rayon telekommunikasiya qovşağının rəisi Qazi Omarovla əlaqə saxladıq. Omarov bildirir ki, söylənilən problemlər əsassızdır: "Qaxlıların internetdən şikayət etməyə haqları yoxdur. Qaxın 75%-i internetlə təmin olunub. Dünyada hər 100 evdən 17-sində internet varsa, bu, normal sayılır. Qaxda isə bapbalaca kəndələrində belə, internet var. Baxın qonşu Şəki rayonuna. Oranın böyük kəndlərində əhalinin böyük bir qismi internetsizdir. Sözsüz ki, problemlər var, amma biz çalışırıq yaxın zaman ərzində bu problemləri aradan qaldıraq".
 
Apardığımız sorğudan da göründüyü kimi, rayon əhalsinin böyük bir qismi, internet xətlərinin çəkilməməsindən narazıdırlar. Qurum rəsmisi bu problemə aydınlıq gətirib: "Pandemiya dövründə dünyanın bütün ölkələrində internet problemi yaşanır. Təbii ki, biz də buna hazır deyildik. Müraciətlərin böyük bir qismi bu dövrdə olub. Biz də çalışırıq, hər kəsi razı salaq. Amma bu, birdən-birə baş verə bilməz. Başqa bir məsələ də var. Məsələn, götürək rayonun Uzuntala kəndini. Kənd sakinləri internet tələb edir. Deyirik ay vətəndaş, ərizə yazın. Allahın bir ərizəsini belə yazmaq istəmirlər". /sputnik.az

Google+ WhatsApp ok.ru