Qaytarılmayan milyonlar

Qaytarılmayan milyonlar

"Novoye Vremya" qəzetində "Milyonlar axmaqda davam edir? Kredit fırıldaqları ilə bağlı yeni faktlar" sərlövhəli məqalə diqqət çəkir.
 
Müəllif yazır ki, ölkə iqtisadiyyatına ən ağır zərbə bank sektorundan vurulub: "Bank sistemində kəskin böhranın başlanmasında isə Beynəlxalq Bankın keçmiş rəhbərliyi katalizator rolunu oynayıb. 10 il ərzində özlərinə yaxın oliqarxlarla bankı tar-mar ediblər. Əgər neftin qiyməti kəskin enməsəydi, bu şəxslər indi də əməllərini davam etdirirdilər. Hələ ki, neft dollarları çay kimi axırdı, dövlət vəsaitlərinin dağıdılması heç kəsi maraqlandırmırdı".
 
Yazıda vurğulanır ki, kredit adı ilə dağıdılan 10 milyard manatdan çox vəsaitin yalnız bir qismi qaytarılıb. Müəllifin fikrincə, başqa banklarda da oxşar proseslər gedib: "Kreditlər milyon dollarlarla götürülüb. Bunların arasında dövlət şirkətlərinin məsul işçiləri də olub. Kreditləri götürüblər, amma qaytarmayıblar. Maliyyə baxımından, indiki ağır dövrdə hər bir manatın hesabı aparılmalıdır. Ölkə büdcəsi kəskin maliyyə çatışmazlığı yaşayır, yüz milyonlar isə naməlum istiqamətə axıb gedib".
 
Müəllif hesab edir ki, hüquq mühafizə orqanları məsələyə ciddi girişsələr, ölkənin digər banklarında da belə talançılığı üzə çıxara bilərlər: "Bu maliyyə vəsaitləri geri qaytarıla bilsə, pensiyaçıların, aztəminatlı ailələrin sosial durumunu yaxşılaşdırmağa imkan verərdi".
 
Müəllif yazır ki, ölkədə təzadlı durum yaranıb. Kiçik həcimdə kredit götürüb onu qaytarmaq gücündə olmayan yoxsul insanlar ən sərt qaydada incidilir. Amma 10 milyon krediti götürüb aradan çıxanlar isə məsuliyyətdən kənarda qalıb. /

Google+ WhatsApp ok.ru