Qazancımızın 81 faizi ərzağa xərclənir

2016-cı ilin birinci rübündə ölkə əhalisinin gəlirləri, əsasən, son istehlaka (gündəlik tələbat mallarına) xərclənib. Dövlət Statistika Komitəsinin məlumatına görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 9 faiz artaraq 10,3 milyard manata çatıb. Əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 1073,5 manat və ya ayda 357,8 manat təşkil edib. 
 
Bu dövr ərzində gəlirlərin 81 faizi son istehlak xərclərinə, 9,7 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,3 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 7,0 faizi isə yığıma yönəldilib.
Əhalinin sərəncamında qalan gəlirlər 9304,1 milyon manat olub. «Statkom»a görə, 2016-cı ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrünə nisbətən 6,2 faiz artaraq 472,2 manat təşkil edib.
Əmək haqqı neft sektorunda 2520,5 manat, qeyri-neft sektorunda 423,1 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 355,1 manat, özəl müəssisələrdə çalışan işçilərin əmək haqları isə 641,6 manat olub.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, tikinti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.(bizimyol)
 

Google+ WhatsApp ok.ru