Əli Əkbər Vilayəti: “Azərbaycanla Ermənistan arasında atəşkəsin elan edilməsini alqışlayıram”

 "Azərbaycanla Ermənistan arasında atəşkəsin elan edilməsini alqışlayıram. Zorakılıqlar azaldığı üçün şadam". 
 
Maide.az bildirir ki, bunu APA-nın Tehran müxbirinə İranın ali lideri Ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri, ölkənin Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri Əli Əkbər Vilayəti deyib.
 
Ə. Vilayəti Dağlıq Qarabağ münaqişəsinin yaranmasında xarici dairələrinin rol oynadığını düşündüyünü bildirib. Gələn il Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunların əhəmiyyətindən danışan Ə. Vilayəti qeyd edib ki, idman oyunları ölkələr arasındakı münasibətlərə müsbət təsir göstərə bilər. “İdman güclənərsə,  əxlaq da güclənəcək”, - deyə o vurğulayıb.
 
Ə. Vilayəti onu da deyib ki, may ayında İran İslam İnqilabının Qələbəsinin xatirəsinə həsr olunmuş idman yarışlarında həm Azərbaycan, həm də Ermənistan idmançıları iştirak edəcək: “Bu onu göstərir ki, idman meydanları xalqlar və dövlətlər arasında sülh və dostluq üçün ən yaxşı fürsətdir”.
 
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
 
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
 
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
 
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Google+ WhatsApp ok.ru