Qeydiyyatda olan vərəm xəstələrinin sayı açıqlanıb

Qeydiyyatda olan vərəm xəstələrinin sayı açıqlanıb

Azərbaycanda qeydiyyatda olan vərəm xəstələrinin sayı açıqlanıb.
 
Səhiyyə Nazirliyinin Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova jurnalistlərə açıqlamasında bildirib ki, hazırda ölkədə 9 minə yaxın vərəmli xəstə var və onların təxminən yarısı yeni yoluxmuşlardır.
 
Onun sözlərinə görə,  Səhiyyə Nazirliyi və Qlobal Fond tərəfindən aparılan tədbirlər nəticəsində həmin xəstələr müalicəyə cəlb olunurlar. H.Qədirova qeyd edib ki, qeydiyyata alınan xəstə müayinə olunur və burada ən müasir üsullardan istifadə edilir: “Vərəm xəstəliyi bütün dünyada yayılan və səhiyyənin qlobal problemlərdən biridir. Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da vərəm xəstəliyi yayılıb. Son illər vərəmin yayılmasında azalma tendensiyası müşahidə olunur. Vərəmli xəstələrin müayinə və müalicəsi bütün ölkə üzrə pulsuz aparılır. Dərmanlar həm Səhiyyə Nazirliyi , həm də Qlobal Fond tərəfindən alınır və xidmət mərkəzlərinə verilir. Vaxtaşırı xəstələrin vəziyyəti ilə bağlı monitorinq aparılır”.
 
H.Qədirova əlavə edib ki, ölkədə vərəmə yoluxanların əksəriyyəti kişilər və əsasən 25-40 yaş arasında olan şəxslərdir. Onun  sözlərinə görə, vərəm ağır xəstəlik olduğundan ölüm halları da qeydə alınır. Ümumilikdə son illər ölüm hallarının azalmasının müşahidə olunduğunu deyən H.Qədirova qeyd edib ki, vərəm əleyhinə dərmanlarla müalicə başlanandan sonra bu nəticə əldə olunub: “Daha çox cənub bölgəsində bu xəstəliklərin faizi yüksəkdir. Vərəm xəstəliyinin uğurlu müalicəsi vaxtında həkimə müraciət etməkdən asılıdır. Əgər vaxtında müraciət edilməzsə, xəstəliyin yayılmasına şərait yaranar”. (apa) /

Google+ WhatsApp ok.ru