İqtidar Amerikanın Bakıdakı qapısını möhürlətdi - təfsilat

ABŞ-Azərbaycan münasibətləri ən kritik mərhələyə girdi; Baş Prokurorluq əməkdaşları Azadlıq Radiosunun ofisində qəfil yoxlama apardılar; müstəntiqlər büronun möhürünü, avadanlıqlarını müsadirə etdilər; Azad Avropa/Azadlıq Radiosunun rəhbəri Nenad Pejic hadisəni quldurluq və qisasçılıq adlandırıb

Dekabrın 26-da təxminən 10.30 radələrində Baş Prokurorluğun əməkdaşları AzadlıqRadiosunun “Caspian Plaza” mərkəzində yerləşən Bakı bürosunda axtarışa başlayıblar. Axtarış haqda məhkəmə qərarı təqdim olunub. Ofisin daxili telefonları və interneti söndürülüb. İçəridə olan işçilərə kompüterə yaxınlaşmağa icazə verilməyib.


Axtarışda prokurorluq əməkdaşlarının özləri ilə gətirdikləri hal şahidləri iştirak edib. Vəkil Yalçın İmanovun təkidindən sonra iki radio əməkdaşı da axtarışda iştirak edib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya deyib ki, AzadlıqRadiosunun Bakı bürosunda aparılan axtarış Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi ilə bağlıdır.
“Axtarış üçün dekabrın 26-nın seçilməsi təsadüfi deyil. Bu gün ABŞ-da və Avropa ölkələrində Milad bayramına görə istirahət günüdür, dövlət qurumları işləmir.” Bunu radionun Praqa ofisinin rəhbəri Kənan Kazımoğlu mediaforum.az saytına telefonla verdiyi açıqlamasında bildirib. O, deyib ki, Baş Prokurorluq onları radionun Bakı ofisində axtarış aparılacağı haqda əvvəlcədən məlumatlandırmamışdı: “Qəfildən gəliblər büroya, radionun əməkdaşlarını bir otağa yığıblar, iş dayanıb. Nə axtardıqlarını bilmirik. Fakt odur ki, büronun işinə müdaxilə ediblər, media qurumunun normal fəaliyyətini pozublar, problem yaradıblar. Biz bu hadisəni məhz AzadlıqRadiosuna qarşı təxribat hesab edirik və Bakı bürosunun işinin pozulması istiqamətində atılmış addım kimi qiymətləndiririk. Axtarış üçün dekabrın 26-nın seçilməsi təsadüfi deyil. Bu gün ABŞ-da və Avropa ölkələrində Milad bayramına görə istirahət günüdür, dövlət qurumları işləmir. Amma hamı bilməlidir ki, AzadlıqRadiosu belə təzyiqləri çox görüb. Bakı bürosu fəaliyyətini davam etdirir və etdirəcək. Heç bir halda işimizi dayandırmaq fikrimiz yoxdur”.    

Kənan Kazımoğlu deyib ki, “Azad Avropa/Azadlıq” radiosunun rəhbərliyi Bakı bürosunda aparılan axtarış barədə məlumatlıdır: “Həm Vaşinqton, həm də Praqada oturan rəhbərlik axtarışla bağlı məlumatlandırılıb. Baş Prokurorluğun bu addımına müvafiq reaksiya veriləcək”.

“Baş Prokurorluq bəyan edib ki, Bakı bürosunda aparılan axtarış Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi ilə bağlıdır. Bu cinayət işinin mahiyyəti haqda məlumatınız varmı” sualına Kənan Kazımoğlu belə cavab verib: “Ola bilər ki, Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan hansısa cinayət işi var. Prokurorluğun işi cinayət işi qaldırıb onun istintaqını aparmaqdır. Bunun AzadlıqRadiosuna nə aidiyyəti olduğunu öyrənmək istəyirik. Bütün addımlara hüquqi qiymət verilməlidir”.

AzadlıqRadiosu Baş Prokurorluq əməkdaşlarının radionun Bakı ofisində apardığı axtarış-götürmə əməliyyatı ilə bağlı yaydığı xəbərdə deyilir ki, prokurorluğun əməkdaşları radionun Bakı bürosunda seyfi sındıraraq oradan radionun sənədlərini, möhür və blanklarını götürüblər. Bundan başqa, ofisdən radioya məxsus yaddaş kartları, server kompüteri, 2 noutbuk, fotoaparatlar və videokameralar götürülüb.
Dünən günün sonuna yaxın isə prokurorluq işçiləri AzadlıqRadiosunun Bakıdakı ofisində axtarış işlərini başa vurub ofisin qapısını möhürləyirlər. Müstəntiq Sənan Paşayev möhürlənmə qərarını, aktın sürətini radionun təmsilçilərinə verməkdən imtina edib. Vəkil Yalçın İmanov bildirib ki, müstəntiq mühafizə üçün polis əməkdaşlarını çağırıb. Qapılar möhürləndikdən sonra polisə təhvil verilib. Müstəntiq yalnız onu bildirib ki, ola bilsin növbəti istintaq hərəkətləri üçün ofisə baş çəkəcəklər.

Kənan Kazımoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bundan sonra da fəaliyyətlərini davam etdirəcəklər: “AzadlıqRadiosu istənilən halda öz fəaliyyətini davam etdirəcək, Azərbaycandakı dinləyicilərini, oxucularını məlumatlandıracaq. Sadəcə olaraq indi Bakı büromuzun fəaliyyətini iflic vəziyyətə salıblar. Bu, basqındır və bunu başqa cür adlandırmaq olmaz. Amma radio rəhbərliyi indi yaranmış vəziyyəti müzakirə edir və bu vəziyyətdən fəaliyyəti davam etdirmək üçün yollar düşünür. Hələ də davam etdiyi üçün konkret nəsə demək mümkün deyil”.

“Yaradıcı heyəti Praqaya aparmaq fikriniz varmı” sualına cavabda K.Kazımoğlu deyib ki, radionun işi ilə bağlı məsələləri radionun daxilində müzakirə edirlər: “Növbəti addımlarımızı da özümüz müzakirə edib qərar verəcəyik”.
Azad Avropa/AzadlıqRadiosunun rəhbəri Nenad Pejic (Nenad Peyc) Bakı bürosuna hücumu pisləyərək, Azərbaycan hakimiyyətini radiodan qisas almaqda ittiham edib: “AzadlıqRadiosunun Bakı bürosuna olan hücum Azərbaycanın üzərinə götürdüyü bütün beynəlxalq öhdəliklərin kobudcasına pozulmasıdır. Ölkə rəhbərliyinin əmri ilə həyata keçirilən bu addım AzadlıqRadiosunun susdurulmasına yönələn quldurluğun tərkib hissəsi, müstəqil jurnalistikaya görə radiodan qisas almaq cəhdidir. Azərbaycan rejimi dəfələrlə bizi susdurmağa çalışıb. Lakin Azərbaycan xalqının azad informasiya almaq hüququnun təmin olunması üçün yaradılan AzadliqRadiosu öz işini heç vaxt dayandırmayıb və bundan sonra da Azərbaycan xalqının azad informasiyaya çıxışını təmin etmək, auditoriyanın tələbatı olan xəbərləri yaymaq üçün öz işini davam etdirəcək” - deyə Nenad Pejic bildirib.
***
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev bu xəbəri narahatçılıq və təəssüflə qarşıladığını bildirib. “Yeni Müsavat”a açıqlamasında o, deyib ki, radionun keyfiyyətli jurnalistləri və yaradıcı heyəti var: “Sadəcə təəssüf ki, bu hadisə ilə bağlı məlumatım kifayət qədər deyil. Dəqiq fikirlər söyləmək üçün yetərli məlumata sahib deyiləm. Radio rəhbərliyinin və dövlət orqanlarının verdiyi açıqlamalar məhdud idi. İstənilən halda narahatçılıq və təəssüflə qarşıladım ki, belə hadisə baş verir”.

A.Əliyev hesab edir ki, AzadlıqRadiosu ilə bağlı baş verən məsələ sadəcə mediaya və söz azadlığına qarşı basqı deyil: “Bu, həm də dövlətlərarası məsələdir. AzadlıqRadiosu dövlətlərarası tənzimləmə rolunu oynayırdı”.

Müsavat başqanı Arif Hacılı isə “Yeni Müsavat”a bildirib ki, təmsil etdiyi partiya baş verən hadisə ilə bağlı artıq bəyanatla çıxış edib: “Bu, azad mətbuat üzərinə basqıların tərkib hissəsidir. Eyni zamanda Azərbaycan hakimiyyəti bu addımı atmaqla həm də Azərbaycanın milli mənafelərinə uyğun olmayan siyasət yeridir. ABŞ Konqresi vasitəsilə maliyyələşən bir radiostansiyanın Bakı ofisinə qarşı bu cür davranış Azərbaycan-Amerika münasibətlərinə də təsir göstərə bilər. Hesab edirəm ki, hakimiyyət bu məsələləri nəzərə alaraq yaranmış problemi aradan qaldırmalıdır”.

Ekspertlərin də bildirdiyi kimi, AzadlıqRadiosunun Bakı ofisinə qarşı baş verənlər media-hakimiyyət münasibətlərindən çox, Azərbaycan iqtidarı ilə ABŞ arasında olan gərgin münasibətlərin üzə çıxardığı gerçəklikdir. Bu hadisə Prezident Administrasiyasının Ağ Evə olan təpkisi kimi dəyərləndirilir. Çünki AzadlıqRadiosu ABŞ Konqresi tərəfindən maliyyələşdirilir. Bizim iqtidar Amerika büdcəsindən maliyyələşdirilən bir media orqanının Bakı ofisini möhürləməklə ABŞ-la körpüləri yandırmaq mövqeyindən çıxış edir. Artıq neçə illərdir ki, rəsmi Bakı ilə Vaşinqton arasında soyuq müharibə gedir. Bu soyuq müharibənin birinci mərhələsində AzadlıqRadiosu, “Amerikanın səsi” və BBC radiostansiyaları 2009-cu ilin yanvarından etibarən Azərbaycanda yayımlandıqları FM dalğasından yığışdırıldılar. Həmin vaxtlar ABŞ-dan olunan bütün təzyiq, həmçinin xahiş bizim iqtidar tərəfinsən qulaqardına vuruldu. Son günlər Azərbaycan-ABŞ münasibətləri son dərəcə kəskinləşib. Rəsmi dövlət qəzetləri, PA rəsmiləri, iqtidaryönümlü deputatlar, siyasətçilər Amerika əleyhinə olduqca kəskin bəyanatlar verirlər. Bütün bunların fonunda AzadlıqRadiosunun Bakı bürosunun qapılarının möhürlənməsi əslində gözlənilən idi. Bunu simvolik olaraq Amerikanın Azərbaycandakı səsinin batırılması kimi yozanlar da var.
Bəs ABŞ-ın bu olaya münasibəti necə olacaq? Susacaqmı? Yoxsa təpki göstərəcək? Azərbaycan iqtidarının onun “səsini kəsməsinə” seyrçimi qalacaq? Hər halda bu suallara yaxın günlərdə cavab tapılacaq.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov “Media forum”a müsahibəsində “Azadlıq”da aparılan axtarışla bağlı sualları cavablandırıb, radionun Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğlunun fikirlərinə münasibət bildirib. O deyib ki, ofisdə axtarış aparılmasında siyasi motivlər rol oynamayıb: “Əgər şübhəli nəsə yoxdursa, niyə qorxurlar? Əgər mən düzəmsə, əməlisalehəmsə, qanunu pozmuramsa, gəlib hər gün YAP-dakı otağımda istənilən qədər axtarış aparsınlar. Buradan nə tapacaqlar? Qəzet, kağız, mətbuatın icmalı və sair. Axtarışdan, araşdırmadan yalnız fəaliyyətində problem olan şəxslər qorxa bilərlər. Hüquq-mühafizə orqanları məhkəmə qərarı əsasında istənilən yerdə axtarış aparmaq səlahiyyətinə malikdir. Prokurorluq əməkdaşları öz qanuni vəzifələrini yerinə yetiriblər... Tam məsuliyyətlə bəyan edirəm ki, son proseslərin söz, mətbuat azadlığı ilə bağlılığı yoxdur. ”Zerkalo" qəzetinin əməkdaşı Rauf Mirqədirovun həbsindən sonra çox məsələnin üstü açılıb. İndiyədək onlara bir söz deyilmirdi, indi isə bütün kartlar, xətlər açılıb və bəzi şəxslərin xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığı üzə çıxıb, onlar bir -birlərinin fəaliyyəti, hansı işlər gördükləri haqda hüquq mühafizə orqanlarına məlumat veriblər. Onlar xarici kəşfiyyata, erməni lobbisinə işlədiklərinə görə məsuliyyətə cəlb olunublar. Xarici kəşfiyyata, erməni lobbisinə xidmət edən hər bir yer, təşkilat axtarılmalıdır".

“Yəni məsuliyyətə cəlb olunan Azərbaycan vətəndaşları ABŞ kəşfiyyatına işləyirmiş” sualına onun cavabı belə olub: “Əlbəttə. Belə hallar çoxdur. Onların maskalanmalarına fikir vermək lazım deyil. Gələn il bu adamların bir qrupunun açıq məhkəməsi olacaq. Həm sənədlərlə, faktlarla, həm də audio və video yazılarla həmin şəxslərin günahları sübuta yetirilib”. musavat


 

Google+ WhatsApp ok.ru