Qız uşağından imtina halları artır

Qız uşağından imtina halları artır

"Bizim Yol" qəzeti "Statistika Komitəsi həyəcan təbili çaldı: qızları öldürürlər" sərlövhəli məqalə diqqət çəkir.
 
Müəllif yazır ki, Azərbaycanda bəzi ailələr selektiv abortlar sayəsində qız uşaqlarını doğulmadan məhv edirlər.
 
Yazıda vurğulanır ki, ölkədə bəzi ailələrdə oğlan və qız uşaqlarına fərq qoyulur: ""Mən oğul anasıyam", "Oğlum dünyaya gəldi", "Oğul atası olmaq başqa hissdir". Bu ifadələri çoxumuz tez-tez eşidirik. İnsanlar oğul övladı dünyaya gələndə, onun gəlişinə qurbanlar deyir, toy-bayram edir. Bir çox ailələrdə qız övladı arzulanmır".
 
Müəllif vurğulayır ki, elə dünyaya gələn uşaqların statistikasına nəzər salanda da, bunu görmək olur. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində bu ilin yanvar-fevral ayları ərzində 24 min 648, yaxud hər gün orta hesabla 418 körpə qeydə alınıb. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47.3 faiz təşkil edir. Bu da hər doğulan 100 qıza 112 oğlanın (bioloji norma 105-107 təşkil edir) düşməsi deməkdir.
 
Yazıda bildirilir ki, son illər ölkədə abort halları artıb. Abortun əsas səbəblərindən biri də qız uşağından imtinadır. "Oğlan uşaqları bütün Şərq dünyasında sevilir. İnsanlar oğlan uşağını ona görə arzulayır ki, oğlan soyadını daşıyır və nəslin davamçısı hesab edilir. Hər bir insan düşünür ki, ailədə oğlan uşağının dünyaya gəlməsi ailə təməlinin möhkəmlənməsinin zəmanətidir", -deyə psixoloq Ramin Hacıyev qəzetə bildirib.
 
Sosioloq Əhməd Mansurovun deməsinə görə, bu məsələdə ciddi şəkildə maarifləndirməyə də ehtiyac var: "Evli cütlüklər və münasibət quran şəxslər ailə qurmazdan öncə mütəxəssislərlə məsləhətləşsələr, ailə planlaşdırılması haqqında düşünsələr, belə suallar ortaya çıxmaz. O ki, qaldı qız uşaqlarının ana bətnində öldürülməsinə, bu, sadəcə vəhşilikdir...".
 
Ginekoloq Yayla Babayeva da deyib ki, Azərbaycanda qıza görə abort etdirənlər çoxdur: "Əslində, 10 həftədən sonra abort etdirmək olmaz. Buna icazə verilmir. Dölün ana bətnində olduğu müddət USM vasitəsilə müəyyən edildikdən sonra abort həyata keçirilir...". /

Google+ WhatsApp ok.ru