İranda konfrans keçirildi: Qarabağ – İslam torpağı - FOTO - YENİLƏNİB

 
Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının təşəbbüsü və təşkilatçılığı ilə Təbriz Universitetində reallaşan Dəyirmi masa aktual müzakirələrlə yadda qaldı
 
Maide.Az xəbər verir ki, mayın 7-də İran İslam Respublikası Şərqi Azərbaycan ostandarlığının paytaxtı Təbriz şəhərində Qarabağla bağlı boyük konfrans təşkil olunub. Tədbir Azərbaycanda fəaliyyət göstərən Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı və Təbriz Universitetinin birgə təşəbbüsü ilə həmin təhsil ocağında baş tutub. Müzakirələrin məhz bu tarixə salınması isə Azərbaycanımızın dilbər guşəsi, musiqi və sənət beşiyi, artıq əsrin dörddə biri qədər müddətdə həsrət qaldığımız Şuşanın erməni silahlı birləşmələri tərəfindən işğalının 24-cü ildönümü ilə əlaqədar idi. 
 
Bununla əlaqədar mayın 6-da Ədalət Partiyasının sədri, sabiq millət vəkili İlyas İsmayılov, Vəhdət partiyasının sədri, Milli Məclisin üzvü Tahir Kərimli, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli, tanınmış politoloq Zərdüşt Əlizadə, Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev və jurnalist Qurban Cəbrayılın daxil olduğu  7 nəfərdən ibarət nümayəndə heyəti Bakıdan Təbrizə yola düşüb. İran tərəfi – universitet rəsmiləri Biləsuvar sərhəd-keçid məntəqəsində qonaqları mehribanlıqla qarşılayaraq, doğma ünvana qədər müşayiət ediblər.
 
… Qarabağa aid şüar və transparatların asıldığı müzakirələrin keçiriləcəyi məkana – Təbriz universitetinin böyük konfrans salonuna qardaş ölkənin özündən də xeyli elm, mədəniyyət, siyasət, mətbuat xadimləri toplaşmışdı. Əvvəl Qurani-kərim tilavət olundu və dövlət himnləri səsləndirildi. Dəyirmi masanı universitetin Tarix və Mədəniyyət Mərkəzinin sədr müavini, “Aran” Beynəlxalq Mədəniyyət Fondunun sədri Azad Mütəfəkkiri açıq elan edib, iştirakçıları salamladı, tədbirin məramı, məqsədi barədə məlumat verdi.
 
Təbriz Universitetinin rektoru, doktor Məhəmmədrza Purməhəmmədi qonaqlara “xoş gəlmisiniz” deyərək, Azərbaycana xüsusi hörmətini, məhəbbətini bildirdi və xalqımıza salamlarını yetirdi. Qarabağ dərdini öz ağrısı sayan ustad, ölkəsində hamının belə düşündüyünü və işğal altındakı bütün İslam torpaqlarının azadlığı üçün hər kəsin töhfə verməyə hazırlığını söylədi. 
 
Sonra söz alan tarix tədqiqatçısı Rəhim Nikbəxt keçmişə qısa ekskursla Qarabağ bölgəsinin qədimliyindən, xanlıqlar dövründən, yüzillərlə formalaşan idarəçilik məziyyətlərindən söhbət açdı. Ermənilərin bu torpaqlara iddialarını gülünc adlandıran tarixçi, Qarabağın Azərbaycana məxsusluğunu və ermənilərin hansı zəmində yerləşdirilmələrini təsdiqləyən kifayət qədər mötəbər sənədlərin mövcudluğunu ərz elədi. 
 
Sərdar Kəbir isə çıxışını İslam Respublikasının Azərbaycana münaqişənin lap başlanğıcında - doxsanıncı illərdə göstərdiyi kömək üzərində qurdu. Məlum oldu ki, iranlı general o zaman iki dövlət arasındakı razılaşmaya əsasən cəbhə bölgəsində fəaliyyət göstərib: “Mən tək deyildim. Daha əvvəl sərdar Nouəqdəm, sərdar Zari və sərdar Əlaəddin (sərdar – İranda general rütbəsidir) də könüllü şəkildə həmin prosesə qoşulmuşdular. Irandan 150 nəfərdən çox bəsic (könüllü), 20 milyon dollarlıq silah-sursat aparmışdıq. Cəbhə bölgəsində 8 min nəfərə hərbi təlim keçdik, müxtəlif silahlar və texnika ilə davranmağı öyrətdik. Azərbaycanlı qardaşlarımız heyrətamiz dərəcədə cəfakeş, şəhidpərvər idilər, onların bir çoxu ermənilərlə savaşda şəhidlik zirvəsinə yüksəldi.”
 
Millət vəkili Tahir Kərimli öncə İki qardaş ölkə və xalqlar arasında əlaqələrin günbəgün inkişaf etdiyindən məmnunluğunu söylədi, həyata keçirilən qlobal iqtisadi layihələri, o cümlədən, İranın rabitə və kommunikasiyalar naziri Mahmud Vaezinin Azərbaycanın “Dostluq” ordeni ilə təltifatını bunun sübutu saydı. T.Kərimli Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizədə ağır mərhələlərdən keçdiyini, Qarabağ probleminin də onlardan biri olduğunu, münaqişədə öz doğmalarından da şəhid verdiyini dilə gətirdi. O, Qarabağ yarasını SSRİ kimi nəhəng imperiyanın çöküşündən dəyən zərbələrdən miras qalması ilə razılaşsa da, sonradan dünya supergüclərinin əlində bir vasitəyə çevrildiyini, Qərbin erməni quldurlarına daim himayə göstərdiyini, BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin tələblərinin yerinə yetirilmədiyini qeyd elədi. Sözügedən münaqişənin nizamlanmasından ötrü yaradılmış ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyini tənqid atəşinə tutdu və bütün dünyanın gözləri qarşısında zorla, qan-qada ilə Qafqazda Ermənistan dövləti yaradılmasına, onun tədricən sərsəm “Dənizdən dənizə” xülyası ilə Böyük Ermənistan imperiyasına çevirmə cəhdlərinə diqqət çəkdi. Tahir bəy qonşu və qardaş İranın gənc dövlətimizə zaman-zaman göstrədiyi köməyə görə təşəkkür bildirməyi də unutmadı.
 
Hüquq elmləri doktoru, professor İlyas İsmayılov Qarabağ münaqişəsi və onun həlli mexanizminə beynəlxalq hüququn prizmasından yanaşdı: “Bədnam qonşularımız öz müqəddəratını təyinetmə prinsipi pərdəsi altında bəzi hiyləgərliklərə əl ataraq siyasi gedişlər edirlər ki, törətdikləri təcavüz aktlarına haqq qazandırsınlar. Hiyləgərliklə özlərini gah Qarabağ xalqı, gah Artsax xalqı adlandırırlar. Amma bütün bunların heç bir faydası yoxdur, erməni vəhşicəsinə özgə torpağına soxulmuş işğalçıdır və təcili həmin torpaqları tərk etməlidir”. İlyas müəllim Qarabağ müharibəsinin hələ bitmədiyini, yalnız döyüşlərdə fasilə yarandığını qeyd edərək, gələcəkdə də dost, qardaş köməyinə ehtiyac duyulacağına işarə vurdu və həmin məqamda İranı Azərbaycanın yanında görəcəklərinə inamını bildirdi.
 
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı münaqişənin yalnız hərbi yolla həllinin mümkünlüyünü vurğuladı. Belə qənaət üçün çoxsaylı əsasların üzərinə gəldi və söylədi ki, təkcə aprelin əvvəlindəki “dörgünlük döyüşlər” ermənilərlə ötən müddət ərzində həyata keçirilən dialoqun, diplomatik yanaşmanın uğursuzluğunu ortaya qoydu. Akif bəy rəhbərlik etdiyi qurumun – QAT-ın fəaliyyətindən də danışaraq, Qarabağ müharibəsi və erməni terrorçularının qanlı əməlləri haqqında hazırladıqları vəsaitləri – kitabları, broşürləri, videodiskləri tədbir iştirakçılarına bağışladı.
 
Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli belə bir konfransa ev sahibliyi etdikləri üçün Təbriz Universitetinin rəhbərliyinə minnətdarlığını bildirdi. Hacı Rövşən savaşın ilk dövrlərindən könüllü şəkildə cəbhəyə getdiyini və tarixi torpaqlarımızda erməni quldurlarının dinc xalqa hansı divanları tutduğunu öz gözləri ilə gördüyünü söylədi. O, Qarabağa təkcə Azərbaycanın deyil, bütün İslam dünyasının dərdi kimi diqqət yönəldərək, Ali Rəhbərin bu xüsusda dəyərli sözlərini xatırlatdı: “Seyid Əli Xamnei cənabları Qarabağı İslam torpağı adlandırıb. Çox şadıq ki, İran İslam Respublikası müstəqilliyimizi tanıyan və dəstəkləyən ilk dövlətlərdəndir. Qardaş ölkə Qarabağ uğrunda mübarizəmizə də daim haqq qazandırıb, yardımlarını əsirgəməyib. Ən başlıcası, dövlət səviyyəsində, ayrı-ayrı regional və beynəlxalq qurumların tribunasından Ermənistanı suçlayıb, işğalçı qoşunların dərhal ərazilərimizdən çıxmalarını tələb edib. Heç bir şübhə yoxdur ki, bundan sonra da həmin mövqeyində qalacaq, Azərbaycanı istər siyasət, istərsə də hərb meydanında yalqız qoymayacaq.” R.Əhmədli inşaallah növbəti ildəki əlamətdar günləri Şuşada və digər işğal altındakı rayonlarımızda keçirəcəyimizə ümid ifadə etdi; əks təqdirdə 2017-ci il 7-8 may ərəfəsində, yəni bu şəhərə təcavüzün 25-ci ildönümündə daha genişmiqyaslı tədbirlərin təşkilini prioritet saydı.
Müzakirələrin gedişində Azərbaycandan şərqşünas Zərdüşt Əlizadə, kinosenarist Eldəniz Quliyev; İrandan doktor Məhəmmədrza Kəffaş, Ruhullah Mütəkkiri-Azad və digərləri fikirlərini bölüşdülər, şairlərdən Qurban Cəbrayıl, Sədr Məhəmmədi, İbrahim Qibleyi-Arbatan Qarabağ mövzusunda şeirlərini təqdim etdilər.
Dəyirmi masa Azərbaycanın, İslam dünyasının tezliklə əzəli-əbədi torpaqlarına – Qarabağa qovuşacağına tükənməz inam və dualarla yekunlaşdı.
Konfransdan əvvəl və sonra Təbrizin qədim, görməli yerlərinə - Azərbaycan muzeyinə, Şairlər Məqbərəsinə, El gölünə səyahətlər reallaşdı.
 
Mayın 8-də nümayəndə heyəti Ərdəbilə dönüb Ali Rəhbərin nümayəndəsi və şəhərin İmam-cüməsi Seyid Həsən Amili ilə görüşüb.
 
“Biz Cümə xütbələrində ermənilərə lənət oxuyuruq. Qarabağın çox tezliklə azad olunmasını istəyirik. Amerika və Rusiya Qarabağı öz məqsədləri üçün əllərində saxlayıblar.  Onların əli ilə Qarabağı azad etmək mümkün deyil. Millət səhnəyə gələrsə, heç bir xarici dövlət heç nə edə bilməz. Qarabağın azdalığı dini inamın, imanın güclənməsindən keçir. Qarabağda hərb qaçılmazdır. Əgər imkan verilərsə, şərait olarsa, Qarabağda döyüşə getməyə hazıram, bunu özümə borc bilirəm. İranla Azərbaycan bir-birinə daha çox yaxınlaşmalı, birlikdə hərəkət etməlidirlər.”,-deyə İmam cümə Seyyid Həsən Amili  görüş iştirakçılarına bildirib.
 
Azərbaycan nümayəndə heyətinə daxil olanlar da öz növbələrində təşəkkürlərini bildirib, əlaqələrin genişlənməsi üçün təkliflərini veriblər.
 
 
***
 
Təbriz Universiteti tərəfindən təşkil olunan elmi-praktiki konfrans Şuşanın işğalının ildönümünə həsr edilib. 
 
Maide.Az xəbər verir ki, İranın Təbriz şəhərində "İslam torpaqları və Qarabağ" adlı tədbir keçirilib.   Azərbaycandan tanınmış ictimai, siyasi xadimləri o cumlədən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, Zərdüşt Əlizadə, İlyas  İsmayılov, Tahir Kərimli, Eldəniz Quliyev, Rövşən Əhmədli və digərləri konfrasda iştirak etmək üçün İrana gediblər.  
 
İranın bir çox elm nümayəndələrinin, ictimai xadimlərinin iştirakı ilə keçiriləcək tədbirdə Şuşanın işğalı, bu mədəniyyət ocağının Azərbaycan, bütövlükdə islam dünyası üçün əhəmiyyəti, ümumiyyətlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş müzakirələr edilib.
 
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bu konfransda çıxış edib. O, Təbrizdə keçirilən konfransı təqdirə layiq adlandıraraq deyib: “Yeddi mayda Şuşa şəhərinin işğalının ildönümü günü ilə eyni zamanda ekspertlər və siyasətçilərin iştirakı ilə Təbriz Universitetində "İslam Torpaqları və Qarabağ" mövzusunda elmi konfransın keçirilməsi dəyərli addımdır və işğal olunmuş ərazilər barədə məlumatın verilməsində çox önəmli rol ifa edəcək”.
 
Azərbaycan Respublikası Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli də Təbriz Universitetində "İslam torpaqları və Qarabağ" mövzusunda konfransın keçirilməsini əhəmiyyətli adlandırıb.
 
O,  “Bu konfransın keçirilməsi işğal olunmuş ərazilərin azad olunması və bu münaqişənin ədalətli həllində önəmli rolu oynaya bilər və həmçinin iki ölkə əlaqələrinin möhkəmlənməsində yüksək əhəmiyyət kəbs edir”, - deyə bildirib.
 
Qafqaz üzrə analitik Mehdi Nəlbəndi Xürrəmşəhr ilə Xocalının iranlıların qəlbində yaşadığını bildirərək, son döyüşlərdə qazanılan qələbələrə İran xalqının sevinməsindən söz açıb.
 
Digər iranlı tədbir iştirakçıları;  Məhəmmədəli Motəfəkkirazad, Dr.Rəhim Nikbaxt, ehtiyyatda olan General Kabiri, "Aran" araşdırma mərkəzinin rəhbəri Dr.Kəffas, Dr. Rohollah Motəfəkkirazad də çıxış edərək öz fikirlərini bəyan ediblər. (İslamazeri)
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru