İraq dünyadan kömək istəyir - MÜSAHİBƏ

Heydər Şiyə əl-Barrak: «Biz İŞİD terrorçularını sizin və bütün dünyanın qurtuluşu naminə məğlub etmək istəyirik»

Eşitdik ki, İraqda hadisələr hökumət ordusunun xeyrinə dəyişib, artıq İŞİD terrorçularının zəbt etdiyi böyük ərazilər tədricən dövlətin nəzarətinə qaytarılır. Bu xəbər bizi sanki Qarabağı ermənilərdən azad etmişik kimi sevindirdi. «Axır ki, tarixən xalqımızın ən sıx münasibəti olan ölkələrdən birində sabitlik və rifah öz yerini tutur», - deyib yollandıq İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə əl-Barrakla müsahibəyə. Hər şeydən - ordunun terrorçular üzərində qələbələrindən, İŞİD-in ölkəyə vurduğu ziyanlardan, həmin ziyanları aradan qaldırmaq yollarından və hətta doğma Azərbaycanımızın bu məsələdə Bağdada göstərə biləcəyi köməkdən danışdıq. Səfirin sözlərindəki çətin günlərin başa çatmaq üzrə olmasına dair əminlik bizi də ruhlandırdı. «İnşallah, qələbəni birlikdə qeyd edərik», - deyib söhbətimizi tamamladıq və beləliklə müsahibə ixtiyarınızdadır.

- Bu gün İraq ordusu İŞİD üzərində çox böyük uğurlar qazanmaqdadır. Sürətlə irəliləyən silahlı qüvvələrimiz şəhər və qəsəbələrimizi terrorçuların əsarətindən təmizləyir. Ümumiyyətlə desək, hazırda İraq ordusu müdafiə mərhələsindən hücum taktikasına keçib. Son məlumatlara əsasən, İŞİD yaraqlıları artıq dövlətin ordusunun qarşısında duruş gətirə bilmədikləri üçün Suriya ərazisinə qaçırlar.

- Yeri gəlmişkən, bu günlərdə eşitdim ki, İŞİD lideri əl-Bağdadi İraqı tərk edərək, Suriya ərazisindəki mövqelərinə sığınıb…

- Biz də sizin kimi bu cür xəbərləri mətbuatdan oxuyub, eşidirik, amma onun harada olması barədə dəqiq məlumatım yoxdur. Əslində, o, heç vaxt bir yerdə uzun müddət qalmır. Deyilənə görə hər iki saatdan bir təhlükəsizliyini təmin etmək üçün yerini dəyişir.

- Ötən müsahibəmiz zamanı İŞİD terrorçularının çox böyük əraziləri ələ keçirdiyini demişdiniz. Həmin bölgələri geri qaytara bilirmi ordunuz?

- Hə, əlbəttə. Sevindirici haldır ki, bir çox strateji əhəmiyyətli yaşayış məntəqəsini geri qaytarmışıq. Bu yerdə məlumat verim ki, peşmərgə adlanan kürd müdafiə qüvvələri artıq Mosul şəhərinin 15 kilometrliyinə qədər irəliləyiblər. Hesab edirik ki, İraq ordusunun qarşısında dayanan əsas məqsədlərdən birincisi üç strateji şəhəri - Fəlluca, Ramadi və Tikriti İŞİD yaraqlılarından təmizləməkdir ki, inşallah, yaxın müddətdə bunun da şahidi olacağıq. Hərbi əməliyyatların gedişatından bu qənaətdəyik ki, qələbə bizimlədir və böyük Allah bu işin sonunu İraq dövlətinin xeyrinə yazıb. Baxmayaraq ki, çox böyük itkilər vermişik, amma bu bizi ruhdan salmır. Əksinə, böyük itkilər siyasi və milli əqidəsindən, məzhəbindən-dinindən asılı olmayaraq, bütün İraq xalqını daha sıx birləşdirə bildi. Atalar yaxşı deyib: hər zərərdə bir xeyir var. Məhz İŞİD-lə mübarizə ərəbi, kürdü, türkməni, müsəlmanı, xristianı - hamını bir araya gətirərək vahid amal uğrunda birləşməyə sövq etdi. Hətta deyərdim ki, İraq cəmiyyəti heç vaxt belə möhkəm birlik görməyib. Onu da qeyd edim ki, bu birləşmə ordumuzu da şücaətləndirib, daha böyük qələbələr qazanmağa ruhlandırıb.

- İŞİD-ə qarşı sürətli hücum əməliyyatlarında qonşu ölkələrdən yardım ala bilirsiniz?

- Hə, edirlər, hamısına təşəkkür edirik, sağ olsunlar. İran tərəfi döyüşçülərimizin hərbi hazırlığını artırmaq üçün İraqa öz məsləhətçilərini göndərib. İranla yanaşı, Səudiyyə Ərəbistanı, Küveyt, Bəxreyn, Birləşmiş Ərəb Əmirlikləri və sair kimi ərəb ölkələri də İraqa maddi və insani yardımlar göndərməkdədirlər. O cümlədən, “Azərsun Holdinq”in rəhbəri Abdulvari Gözəldən də böyük yardımlar almaqdayıq. Bu şəxsin şirkəti İraqa insanların sığınması üçün isti çadırlar, qida məhsulları və zəruri tələbat malları göndərib.

- Amma məncə ən böyük yardımı ABŞ göstərir - İŞİD-in mövqelərinə mütəmadi zərbələr endirərək, ordunun irəliləməsinə şərait yaradır…

- Terrorçularla mübarizə məsələsində İraq hökuməti Birləşmiş Ştatlarla birlikdə çalışır. Amerika qırıcıları terrorçulara mütəmadi hava zərbələri endirir və bu da dediyiniz kimi, yerüstü hücum əməliyyatlarını sürətləndirir. Ancaq yenə də düşünürük ki, ABŞ-ın köməyi azdır və hava zərbələrinin sayını artırmalıdır. Ümumiyyətlə, bu gün ABŞ-ın rəhbərliyi altında birləşmiş koalisiyada 40-dan artıq dövlət təmsil olunur və onların sayı artmaqdadır. Onu da xatırladım ki, hazırda İraqın baş naziri Böyük Britaniyanın paytaxtında səfərdədir. Baş nazir Londonda dövlətlərarası koalisiyanın konfransında iştirak edərək, müttəfiqləri İŞİD-lə mübarizənin detalları barədə məlumatlandırır. Hər halda səbrlə gözləyirik və bayaq dediyim kimi, hadisələr İraqın xeyrinə dəyişməkdədir.

- Təxmini hesablamalar aparılıbmı ki, İŞİD-in terroru nəticəsində ölkəyə nə qədər ziyan dəyib?

- Milyardlarla dollar! Tam dəqiq deyə bilmərəm, amma çox böyük ziyan dəyib. Hətta bəzi şəhərlərimiz yerli-dibli dağıdılıb. Bu gün İraqda 3 miylon nəfərədək insan öz ev-eşiyindən qaçqın düşüb. Əlavə xərclər lazımdır ki, dövlət dağılmış evlərini bərpa edərək, onları geri qaytarsın. İraq heç vaxt belə böyük çətinliklə üzləşməyib. Hətta İranla 8 illik müharibə, Səddam Hüseyn Küveytə ordu yeridən dövrlərdə də belə çətin vəziyyət yaşamayıb İraq. Heç 2003-cü ildə Səddam Hüseyn devriləndən sonra İraqa daxil olan «Əl-Qaidə» də bu qədər ziyan vurmamışdı bu ölkəyə.

- Bu gür İraqa maddi vəsait daha çox lazım olduğu halda dünyada neftin qiyməti yarıbayarı düşüb. Bildiyimə görə, İraqın xəzinəsini əsasən neftdən gələn gəlirlər doldurur. Bəs nə edir hökumətiniz, bu ziyanların əvəzini necə doldurur?

- Bu doğrudan da qlobal problemdir. Ən pisi isə budur ki, neftin ucuzlaşması İŞİD-lə birlikdə başladı. Necə deyərlər, problem özü ilə problem gətirib. Onu doğru buyurdunuz ki, bəli, hazırda İraq büdcəsinin 95 faizini neft gəlirləri təşkil edir. Buna görə qiymətlərin aşağı düşməsi ölkəmizə böyük ziyanlar vurub. Buna baxmayaraq, hökumət çıxış yolu kimi neft hasilatını artırmaqla dəyən ziyanın yerini doldurmağa çalışır və müəyyən qədər müsbət nəticə də əldə olunub.

- Eşitdiyimizə görə, OPEC ölkələrindən bəziləri hasilatı azaltmağa və bu yolla qiymətlərin kəskin düşməsinin qarşısını almağa səy göstərir. Hasilatı artırmağınızdan narazı qalan olmadı?

- İndi heç kimə sirr deyil ki, İraq çox çətin iqtisadi-siyasi vəziyyətdədir. Dövlət İŞİD-i cilovlamaq üçün silah-sursat almalıdır. Biz İŞİD terrorçularını sizin - dünyanın qurtuluşu naminə məğlub etmək istəyirik və bunu silah yoxdursa, necə edək? Düşünürəm ki, bütün ölkələr İraqın haqlı mövqeyini doğru başa düşür.

- Hasilatı artırmaq mümkündür, amma xam nefti Aralıq dənizinə çıxaran kəmərlər İŞİD-in nəzarətindəki ərazilərə yaxın keçir axı, mane olmurlar?

- Dediyiniz xətlərin bir qismini müvəqqəti olaraq dəyişmişik. Həmin kəmərlər Kürdistan muxtariyyətinin ərazisindən keçir.

- Yeri gəlmişkən, İraq nə qədər neft istehsal edir?

- Hazırda gündə 3 milyon barreldən artıq. Bunun da təxminən 700-800 min barreli ölkənin daxili ehtiyaclarına yönəldilir, qalanı isə dünya bazarına çıxarılır.

- İndicə dediniz ki, ordu böyük əraziləri İŞİD-dən geri alıb. Maraqlıdır, belə böyük ziyanlar vurulan ərazilərinizin sosial-iqtisadi infrastrukturunu bərpa etmək üçün hökumətin proqramı varmı?

- Bərpa-quruculuq işləri adi qaydada gedir. Amma konkret müharibə gedən bölgələrdə tam sabitlik bərqərar olandan sonra bu işlərəstart veriləcək və güman ki, hökumət bu müstəvidə geniş proqramlara malikdir.

- İraqın Türkiyə ilə münasibətləri necədir? Biz azərbaycanlıların ikinci vətəni sayılan Türkiyə ilə dost İraq dövləti arasında mehriban münasibətlərin olması bizi də sevindirir…
- Türkiyə İraqın böyük və tarixən yaxın əlaqələrə malik olan qonşusudur. İŞİD-lə mübarizə müstəvisində Türkiyə də İraqa bir sıra yardımlar göstərib. Əslində, günümüzdə Türkiyə Cümhuriyyəti də İŞİD qarşısında bir cəbhə sayıla bilər. Çünki terrorçuların nəzarətində olan ərazilər Türkiyə ilə sərhəddədir. Onlar İŞİD-lə mübarizə sferasında İraqa məlumat mübadiləsində yaxından kömək edirlər. Yeri gəlmişkən, bir neçə gün əvvəl Bağdadda iki ölkənin hökumətlərarası komissiyasının birgə iclası keçirilib.

- Bunu ona görə soruşdum ki, bir müddət əvvəl Bağdadla Ankara arasında bəzi soyuq münasibətlər cərəyan edirdi…

- Belə deməzdim, İraqın Türkiyə ilə əlaqələri həmişə yaxşı olub. Su, sərhəd problemi bütün ölkələr arasında ola bilər, bunlar həll olunan məsələlərdir. Onu da deyim ki, İraqın qonşularla əlaqələri dövlətin dövlətlə deyil, tarixi, milli, dini, mədəni-məişət bağları üzərində qurulub.

- Sadaladığınız bu faktlar prizmasından yanaşsaq, İraqın Azərbaycanla birbaşa sərhədləri olmasa da, çox dərin əlaqələri mövcuddur. İndiki çətin vəziyyətdə özünü göstərirmi bu əlaqələr?

- Əlbəttə göstərir. Hətta mən deyərdim ki, İraq Azərbaycanın ərəb dünyasına, Azərbaycan isə İraqın Qafqaza açılan qapısıdır. Bunun ən böyük isbatı isə günümüzdə türkdilli xalqların İraqda da yaşaması faktıdır.

- Bayaq İraqa yardım göstərən ölkələrin adlarını çəkdiniz, Azərbaycan da varmı bu siyahıda?

- Azərbaycandan əsas yardımı beynəlxalq siyasi müstəvidə alırıq. Amma maddi, yaxud ərzaq, zəruri yardımlar baxımından hələlik kömək görməmişik. Doğrudur, bayaq da dedim, Abdolvari Gözəlin şirkəti İraqa isti çadırlar və qışda istifadə olunan digər zəruri vasitələr, qida məhsulları göndərib. Eyni zamanda, millət vəkili Qənirə Paşayeva bir aylıq maaşını İraqa yardım fonduna köçürüb. Millət vəkili İlham Məmmədov da şəxsən zəng vuraraq bu mübarizədə və çətin vəziyyətimizdə İraq xalqı ilə həmrəy olduğunu bildirib. Buna baxmayaraq, biz Azərbaycan tərəfindən bu məsələdə rəsmi mövqeyini ortaya qoymasını gözləyirik və əminik ki, bunu edəcək.

- Ən çox nəyə ehtiyac duyursunuz?

- İlk növbədə bizə müasir silah-sursat lazımdır ki, İŞİD-lə mükəmməl mübarizə apara bilək. Daha sonra hər-kəşfiyyat məlumatlarına, ərzaq, dava-dərman, qış olduğu üçün çadırlara, qızdırıcı məmulatlara və sair ehtiyac böyükdür. İndi deyirlər ki, İŞİD qələbə çalsa, dünyanın siyasi xəritəsi dəyişəcək. Xəbəriniz var yəqin ki, Avropada olanlardan, hücum edirlər, qayıdırlar. Amma İŞİD-in fərqi budur ki, hücum edəndən sonra qayıtmır, orada qalır. Bu gün Avropa ölkələri İŞİD-in adi təhdidlərindən dəhşətə gəlir, bəs bu təşkilat böyük qələbə qazanarsa, onda necə olacaq vəziyyət? Elə bu səbəbdəndir ki, qlobal təhlükə yaradan İŞİD-ə qarşı beynəlxalq koalisiyanın sıraları genişlənməkdə davam edir. hafta.az /

Google+ WhatsApp ok.ru