Rasim Ağayev: `İŞİD nefti 10 dollara Türkiyəyə satır. Türkiyə 30 dollara Avropalılara satır`

G20 sammitinə qatılan Avropa Birliyi şurasının prezidenti Donald Task, Parisdəki hücumların hər kəsi şoka saldığını bildirib. Terror hücumları sonrası hər kəsin həmrəylik sözü verdiyini, ancaq bunun yetərli olmadığını vurğulayan Task, fikrini belə davam etdirib: “Birlikdə hərəkətə keçməmiz lazımdır. Bizlərin G20 liderləri olaraq terrorla mübarizədə tam qətiyyətlə irəliləmə mesajı verməmiz lazımdır. Terroru maliyyələşdirən ölkələr aşkarlanaraq dayandırılmalıdır”.
 
Mövzu ilə bağlı politoloq Rasim Ağayev Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, İŞİD-lə bağlı konkret addımların atılması lazımdır: “Bu qərar 5 il gecikmiş qərardır. Bu qərar Bağdadi və onun yanındakılarını ABŞ pul və digər vasitələrlə ətrafında cəm edərkən verilməli idi. Həmin vaxt onlara tam sərbəstlik verildi. Həmin vaxt İŞİD-in əsası qoyuldu. İŞİD İraq neft yataqlarını ələ keçirdi. Nəticədə nefti çox ucuz qiymətə qara bazarda satmağa başladı.
İŞİD nefti 10 dollara Türkiyəyə satır. Türkiyə 30 dollara Avropalılara satır. Avropada 50 dollara digər ölkələrə satırlar. Bu baxımdan İŞİD artıq kənar maliyyələrə ehtiyac görmür. Əgər ABŞ-ın dalınca gəzən Almaniya və Fransa rəhbərləri həqiqətən İŞİD-i məhv etmək istəyirlərsə konkret addımlar atmalıdırlar. 11 sentyabr hadisəsindən sonra ABŞ heç bir normalara baxmayaraq bir çox müsəlman dövlətlərini xarabalığa çevirdi.
 
İndi ABŞ-ın sadəcə sözlə etiraz bildirməsi və bu proseslərdə ləngiməsi təsadüf sayıla bilməz. Bu baxımdan Putin qeyd edir ki, Rusiyanın həyata keçirdiyi bombardımanları bəyənmirsiniz: "ABŞ, Qərb və digər ölkələr, necə, haranı, kimi bombardıman edilməli olduğunu bildirin, o cür də əməliyyatlar keçirdək". Amma müraciətlərə heç bir reaksiya verilmir.
Bütün bunlar onu göstərir ki, bu münaqişə bəzi dövlətlərin əlində oyun-oyuncaqdır. Putin dəfələrlə qeyd edib ki, əgər İŞİD Suriyada dayandırılmasa, onu Həştərxanda dayandırmağa məcbur olacağıq. Ümumiyyətlə isə G20 də İŞİD-in maliyyə mənbələrinin araşdırlması ilə bağlı fikir çox müsbətdir. Amma ciddi effektinin olacağını düşünmürəm. Çünki bu qərar çox gecikib. İndi konkret praktik addımlar atılmalıdır. Bu gün İŞİD-ə ümid edən, onun əməllərindən qazanc əldə edən çoxlu ölkələr var. Onlar da bu məsələdə mövqe ortaya qoymalıdırlar”. /

Google+ WhatsApp ok.ru