Rayon camaatı zibilə düşüb: Nə evə girə bilirlər, nə çölə çıxa

Rayon camaatı zibilə düşüb: Nə evə girə bilirlər, nə çölə çıxa

Oğuz rayon sakinləri zibillik problemindən, məişət tullantılarının yığılıb qalmasından şikayətçidirlər.
 
Maide.Az bildirir ki, Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan sakinlərin sözlərinə görə, bu problemin yaranmasının əsas səbəbi ərazidəki restoranlar və yol kənarındakı istirahət-əyləncə mərkəzlərinin ekoloji normalara əməl etməməsidir.
 
 
 
Söhbət Oğuzun əsas magistral yol üzərində yerləşən Padar kəndindən gedir. Burada yığılıb qalan tonlarla zibil yığını səbəbindən ərazini dəhşətli üfunət bürüyüb.
 
Kənd bələdiyyəsi və icra nümayəndəliyindən sözügedən problemin obyektiv səbəblərdən yarandığı bildirilsə də, sakinlər belə düşünmürlər. Kənd sakini Ceyhun Əhmədov problemin sözügedən obyekt sahiblərinin səhlənkarlığı ucbatından yaşandığını deyir.
 
"Bilmirik, bunlar nə etmək istəyirlər. Bütün tullantıları gətirib buraya atırlar. Nə baxan var, nə maraqlanan. Dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli idarəsinə müraciət etmişik, gəlib əraziyə baxış keçirib çıxıb gediblər. Heç bir tədbir də görülməyib" — C.Əhmədov danışır.
 
Sakinlərin sözlərinə görə, zibillik səbəbindən evlərdə qoxu və milçək əlindən oturmaq olmur. "Bəzi hallarda isə zibilliyi yandırırlar, tüstüdən nəfəs almaq olmur" — deyən kənd sakinləri artıq cana doyduqlarını qeyd edirlər.
 
 Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı ərazi idarəsinin rəis müavini Ziya Cəbrayılov Sputnik Azərbaycan-a bildirib ki, yaranmış problemdən məlumatlıdırlar: "Hazırda idarənin əməkdaşları ərazidə fəaliyyət göstərən şadlıq sarayları və restoranlarda monitoring aparırlar, bir neçə obyektə artıq xəbərdarlıq edilib, protokol yazılıb".

Google+ WhatsApp ok.ru