Rusiya İrana “S-300” zenit raket sistemi satacaq

“Reuters” xəbər verir ki, Rusiya İrana “S-300” zenit raket sistemini (ZRS) sata bilər. 2010-cu ildə Rusiya Qərbin təzyiqi ilə İranla bu silahın satışı ilə bağlı müqaviləni həyata keçirməmişdi. 
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Tehrana səfər edərkən İranın müdafiə naziri Hüseyn Dehqanla müqavilə bağlayıb. Bu barədə Rusiyanın “ RIA novosti“ agentliyi xəbər yayıb.
Rusiyalı general Leonid İvaşov bildirib ki, “S-300“ və “S-400“ zenit raket sistemləri İrana satıla bilər. 
Bu sistemlərin İrana satılmasına ən çox müqavimət göstərən ölkələr isə ABŞ və İsrail idi. İndi isə general İvaşovun dediyi kimi, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar rəsmi Moskva ilə İran arasındakı münasibətləri daha da gücləndirib. Rusiya eyni silahı başqa bir müttəfiqi- Suriyaya da satmağı düşünür. 
İrana "S-300" komplekslərinin tədarükü üzrə müqavilə 2007-ci ilin sonunda imzalanıb. Sövdələşməyə əsasən, Rusiya İrana 800 milyon dollar ümumi dəyərdə beş "S-300PMU-1" divizion zenit-raket sistemini tədarük etməli idi. 2010-cu il iyunun 9-da BMT Təhlükəsizlik Şurası İrana qarşı sanksiyaları sərtləşdirdi. Sentyabrın 22-də Rusiyanın o vaxtkı Prezidenti Dmitri Medvedev İrana tərəfinə ağır texnikanı, o cümlədən, "S-300" zenit-raket sistemlərinin tədarükünü qadağan edən "BMT Təhlükəsizlik Şurasının 9 iyun 2010-cu il tarixli 1929 saylı qətnaməsinin yerinə yetirilməsi üzrə tədbirlər haqqında" fərman imzalayıb.
Qeyd edək ki, hazırda "S-300" kompleksləri Rusiyadan başqa 18 ölkənin, o cümlədən postsovet dövlətlərdən Ermənistan, Qazaxıstan, Ukrayna, Belarus və Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin arsenalında mövcuddur. /
 

 

Google+ WhatsApp ok.ru