Səhiyyədə gurultulu bəyənatlar

Səhiyyədə gurultulu bəyənatlar

"Novoye Vremya" qəzetində "Əlçatan və keyfiyyətli tibbi xidmət həmişə aktualdır" sərlövhəli məqalə diqqət çəkir.
 
Yazıda ölkə səhiyyəsinin mövcud durumu müzakirəyə çıxarılır.
 
Müəllif yazır ki, bir neçə gün öncə Qubada doğuş zamanı ana ölümü baş verib. Yazıda qeyd edildiyinə görə, artıq Azərbaycanda belə hallar adi qarşılanır: "Heç kəsə sirr deyil ki, bu ölümlərin səbəbi korrupsiya, həkim heyətinin qeyri-peşəkarlığı, bütünlükdə isə ölkədə səhiyyənin aşağı səviyyədə olmasıdır".
 
Yazıda qeyd edilir ki, imkanı olan ölkə vətəndaşı müalicədən ötrü xaricə gedir. Ölkə səhiyyəsinə cavabdeh olan şəxslər isə bəyan edirlər ki, Azərbaycanda tibb heç də Türkiyə və İrandan geri qalmır: "Hətta elələri var ki, Azərbaycan səhiyyəsinin Almaniya səhiyyəsindən üstün olduğunu bildirilər".
 
Yazı müəllifi bu günlərdə hökumət üzvlərindən birinin müalicə məqsədi ilə xarici ölkəyə aparılmasını ölkə səhiyyəsinin səviyyəsinin göstəricisi sayır: "Belə hallara görə biz deyirik ki, Azərbaycan və Almaniya səhiyyəsi arasında paralel aparmaq nəinki mümkün deyil, bu, hətta gülməlidir. Ölkə səhiyyəsinin hansı səviyyədə olmasını vətəndaşların xaricdə müalicə almaları göstərir".
 
Müəllif daha sonra yazır ki, son zamanlar həkim səhvləri artıb, dərmanlar, analizlər bahalaşıb: "Nə qədər ki, ölkədə tibbi sığorta və keyfiyyətli tibbi xidmət yoxdur, ölkə vətəndaşları bu xidməti xarici ölkələrdə axtaracaq". /

Google+ WhatsApp ok.ru