Saakaşvilinin tərəfdarlarının Kiyevdə etiraz nümayişində 30 polis xəsarət alıb

Saakaşvilinin tərəfdarlarının Kiyevdə etiraz nümayişində 30 polis xəsarət alıb

-- Baş verənlərlə bağlı 3 cinayət işi açılıb.

Mixail Saakaşvili tərəfdarları Kiyevin mərkəzində Oktyabr sarayına girmək istəyərkən ən azı 32 hüquq-mühafizə orqanının əməkdaşı xəsarət alıb, Kiyev polisinin mətbuat xidməti məlumat verib.
 
Məlumatda deyilir ki, "bilinməyən maddə ilə zəhərlənmiş əməkdaşlar xəstəxanadadır və digər yaralılar barədə məlumatlar dəqiqləşdirilir".
 
Xəsarət alanlar arasında milli qvardiyanın 15 üzvü və 17 polis var. Baş verənlərlə bağlı 3 cinayət işi açılıb.
 
Bazar axşamı Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa bölgəsinin köhnə qubernatoru Mixail Saakaşvilinin tərəfdarları Kiyevdə Oktyabr Sarayını ələ keçirməyə çalışıblar. Həmin vaxt binada konsert keçirilib və nəticədə qarşıdurma baş verib.
 
Bundan əvvəl, Müstəqillik Meydanında keçirilən mitinqdə çıxış edən Saakaşvili tərəfdarlarını Oktyabr sarayına getməyə çağırıb. Onun sözlərinə görə, bu sarayda etirazçıların koordinasiya şurası işə başlamalı idi. Həmin vaxt sarayda caz musiqisinin konserti keçirilirdi.
 
Polisin verdiyi məlumata görə, etirazçılar qarışıqlıq yaradaraq mənşəyi bilinməyən, qıcıqlandırıcı təsirli qazdan istifadə edib, fişənglər və şüşə sular atıb. Bundan əlavə, bəzi hərbi qulluqçuların xüsusi texnikasını ələ keçiriblər.
 
Bəzi hərbi qulluqçuların xüsusi texnikasının ələ keçirildiyi bildirilir
 
Saakaşvilinin çağırışından sonra aksiyaçıların əksəriyyəti saraydan ayrılaraq Verkhovna Radaya gedib. Saakaşvili özü Ukraynanın bir telekanalına verdiyi müsahibədə yaxın günlərdə Oktyabr sarayında baş vermiş hadisələrə görə etiraz nümayişinə çağırış etməyəcəyini söyləyib.
 
Ukrayna vətəndaşlığından məhrum edilmiş və Ukraynaya daxil olmasına icazə verilməyən Mixail Saakaşvili sentyabr ayında tərəfdarları ilə sərhədi keçərək ölkəyə daxil olub, ona görə cərimə edilib. O, cinayət təşkilatına yardımda ittiham edilib.
 
Saakaşvili dekabrın 8-də ikinci dəfə həbs edilib. O, Ukraynanın Təhlükəsizlik Xidmətinin müvəqqəti saxlama təcridxanasına yerləşdirilib, burada aclıq aksiyası keçirib.
 
Bir neçə gün sonra Saakaşvili Verkhovna Rada millət vəkillərinin zaminliyi nəticəsində azad edilib.(bbc)
 

Google+ WhatsApp ok.ru