Sabah 2 dindar məhbus azadlığa çıxır

Sabah  4 il 6 ay bundan əvvəl Peyğəmbərimizin vəfatı günü münasibətilə keçirilən yürüşdə həbs edilən son iki məhbus azadlığa çıxacaq. Həmin hadisələr insanların xatirində polisin görünməmiş  zorakılığı və kütləvi həbslərlə yadda qalıb. Həmin gün onlarla aksiya iştirakçısı polis tərəfindən saxlanılmışdır. Onların əksəriyyəti sonradan inzibatı çəza verilməklə azadlığa buraxılsa da, 5 nəfər - Elmar Səmədəv, Ağəli Yəhyayev, Seynur Hüseynov, Bilal Əhmədov və Elçin Abbasov barədə həbs qəti-imkan tədbiri seçildi.
 
Məlumat üçün bildirək ki, 2010-cu ilin avqust ayının 3-də Yasamal Rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə keçirilən prosesdə, Elçin Abbasov və Seynur Hüseynov 4 il, Elmar Səmədov, Ağəli Yəhyayev və Bilal Əhmədov 4 il 6 ay müddətində azadlıqdan məhrum edildi.
 
İnsanları bu həbslərlə bağlı maraqlandıran başlıca məqam o idi ki, onları hansı cinayətlərinə görə həbs etdilər?
 
Azərbaycan Respublikasının cinayət məcəlləsinin 315.2 və 221.3 maddələri ilə həbs cəzasına məhkum olunan bu insanlara icazəsiz keçirilən aksiyaya görə ən çoxu inzibati cəza verilməliydi. Bu ağır çəza təkcə dindar fəallara verilmədi, onların ailə üzvləri də, övladları da bu illərin əzab-əziyyətini öz çiyinlərində hiss etdilər. Həbsxana yollarında illərlə addımladılar, sıxıntı və əzablarını heç kimə bəlli etmədilər. Dindar məhbuslar kimi, onlar da bu əziyyətə Allahın sınağı kimi mərdliklə qatlandılar.
 
Qeyd edək ki, sabah səhər saatlarında, Yaradanın imtahanından üzüağ çıxan bu insanları - Elmar Səmədəv, Ağəli Yəhyayevi  çox sayda inanclı insanlar qarşılayacaq. Allah digər günahsız məhbusların da qapısını açsın. Amin!

Google+ WhatsApp ok.ru