Sabah Araz Quliyevin apellyasiya məhkəməsidir

13 may Cenubnews.com İnternet Qəzetinin (Xeber44.Com) təsisçi-baş redaktoru Araz Quliyevin apellyasiya məhkəməsidir.
 
Proses saat 15:00 da Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun sədrliyi ilə keçiriləcək.
 
Məlum olduğu kimi, ötən həftənin çərşənbə axşamı baş redaktor Araz Quliyevin apellyasiya məhkəməsi "TOUR d`AZERBAİJAN” beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədar A.Quliyev məhkəməyə gətirilməmişdi.Bunun üçün də proses təxirə salınmışdı. 
 
Qeyd edək ki, mart ayının 19-da 14 saylı Cəzaçəkmə Müəssisəsində səyyar məhkəmə keçirilib.14 saylı CÇM-də keçirilən məhkəmədə Qaradağ Rayon Məhkəməsi Araz Quliyevi 3 il müddətinə Qobustan Qapalı həbsxanasına köçürülməsi haqqında qərar qəbul edib.Qərarda qeyd edilib ki, baş redaktor A.Quliyev həbsxanada intizam qaydalarını pozur, müəssisənin təmir işlərinə köməklik etmir.Dustaqlar arasında dini təbliğat aparır, dini mərsiyələr oxuyur.
 
Araz Quliyev və onun vəkili Yavər Hüseynov verilən qərarı əldə edəndən sonra apellyasiya şikayəti veriblər.
 
Onu da qeyd edək ki, baş redaktor Araz Quliyev, Masallı rayonunda əsassız ittihamlarla yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının qurduğu planla şərlənərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il aprelin 5-də çıxardığı hökmlə 8 il azadlıqdan məhrum edilib.
 
O, Masallı rayonunda yerli məmurların öz başınalğından dəfələrlə tənqidi xəbərlər yazdığı üçün MTN-ə rayon polis şöbəsinə çağrılaraq həbslərlə hədələnmişdi.
 
Araz Quliyev həbs edildikdən sonra da ona qarşı qarayaxma kampaniyalara start verildi.Belə ki, 2014-cü il dekabr ayının 22 də məhkum Elşad Babayev 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən karserdə öldürüldükdən sonra məhkumlar E.Babayevin ölümünə görə etiraz aksiyası keçiriblər. Aksiyada türmənin bir neçə əməkdaşını döyülməkdən xilas edən, həmçinin müəssisəyə ziyan vurmağa çalışan məhkumların qarşısını alan, üsyanı sakitləşdirməyə çalışan hicab məhbusları - Araz Quliyev, Anar Qasımlı, Ramil Vəliyev, Rza Ağalı, İlham Hətəmov və digər dustaqlar 14 saylı həbsxananın rəisi Əli İbrahimov tərəfindən işgəncələrə məruz qaldılar. 
 
Əli İbrahimov əvvəl inanclı məhkumlardan İ.Hətəmovu və R.Ağalını həbsxana daxilindəki karserə saldı.Daha sonra - dekabrın 26-da həbsxanaya xüsusi təyinatlı qüvvələr yeridilərək məhkumlar amansızcasına döydürüldü. Ardınca Araz Quliyev və Anar Qasımlı daxil olmaqla 11 məhkum işgəncə verilmək üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə (“Tubzon”) aparıldı. 
 
Bir müddət orada "Tubzon"un rəisi Nizami Quliyev tərəfindən döyülərək ağır vəziyyətdə saxlanılan məhkumlar yenidən 14 saylı CÇM-ə qaytarıldılar. Burada onlar yenidən karserə, Araz Quliyev və Miryusif Əsədov isə “bunker”ə (gözdən uzaq yerin altına) salındılar. Martın 11-dən sonra karserdə olan məhkumlardan 8 nəfəri cəza kamerasından azad edildi. Lakin Əli İbrahimov öz cinayətlərini ört basdır etmək üçün Araz Quliyev, Miryusif Əsədov və Natiq adlı məhkumun karser cəzasını daha 1 ay artırdı.
 
Martın 19-da da Ə.İbrahimov tərəfindən ağır işgəncələrə məruz qalan üç məhkumun cəzaçəkmə müəssisəsi daxilində məhkəməsi keçirildi.Və həmən məhkumların Qobustan qapalı tipli həbsxanaya köçürülməsi barədə qərar çıxarıldı./

Google+ WhatsApp ok.ru