Sabirabadda su qıtlığı

Kəndlilər taxıl sahələrini suvara bilmir

Bu il aran rayonlarının əksər kəndlərinə suyun verilməməsi səbəbindən kəndlilərin bütün təsərüfatı məhv oldu. Indi isə payız əkininin suvarılması zamanıdır, ancaq Sabirabadda yenə də su qıtlığı yaşanır. Çaylarda suyun bol olmasına baxmayaraq, suvarma kanalları yenə də boşdur.
 
Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sabirabad rayon şöbəsinin müdiri Əflanın və onun işçilərinin laqeyd münasibəti səbəbindən kəndlilər əkin sahələrini suvara bilmir. Dəfələrlə müraciət olunmasına baxmayaraq problem həllini tapmır. Rayon sakinlərinin Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadəyə şikayətlər yollaması da durumu dəyişməyib. 
 
Sakinlər deyir ki, Sabirabad su idarəsinin rəhbəri Əflanın başı daha çox rayon mərkəzindəki kafe, restoran, bank və bu kimi obyektlərinin idarəçiliyinə qarışdığından camaatın su problemi yadından çıxıb. Onlar Əflana bir daha xatırladır ki, yoxsul kəndlilərin dolanışıq, ümid yeri yalnız torpaqlarıdır. Belə getsə, gələn il taxıl da olmayacaq. Sakinlər adamları çörəklə imtahana çəkməyin ağır nəticələri olacağını indidən bildirir və səlahiyyət yiyələrinin bunu nəzərə almasını istəyir. 

Google+ WhatsApp ok.ru