Salome Zurabişvili: Rusiya ilə dostluq etmək vaxtı deyil

Salome Zurabişvili: Rusiya ilə dostluq etmək vaxtı deyil

Gürcüstanda keçirilən prezident seçkilərində qalib gələn Salome Zurabişvilinin fikrincə, hazırda Rusiya ilə əməkdaşlığın doğru zamanı deyil. O, bu barədə BBC-nin Rusca xidmətinə müsahibəsində bildirib.
 
"Rusiya hələki özünü belə apardığından, insanların oğurlanması da daxil, işğal xətlərində baş verənləri və bu xəttin ərazimizin dərinliyinə, Tbilisinin daha yaxınına... doğru hərəkət etdiyini nəzərə alsaq, Rusiyanın hazırda Ukraynaya qarşı özünü necə aparmasını nəzərə alsaq düşünmürəm ki, bu bizim dərhal əməkdaşlığa başlamağımız deməkdir"- deyə Zurabişvili bildirib.
 
O, Gürcüstanın Avropa mövqeyini tutduğunu, ölkənin Avropa və Amerikanı təmsil edən Qərb partnyorları Rusiya ilə dialoqa başlayacağı təqdirdə, əlbəttə ki, ölkəsinin kənarda qalmayacağını söyləyib.
 
Gürcüstan dəfələrlə Rusiyanı Cənubi Osetiya ilə sərhəd xəttində adamları oğurlamaqda ittiham edib.
 
Rusiya Cənubi Osetiyanı müstəqil dövlət kimi qəbul edir, Gürcüstan isə onu öz ərazisinin bir hissəsi hesab edir.
 
Rusiya ilə yanaşı, BMT-nin beş üzvü də Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.
 
Öz növbəsində, Rusiya ilə Ukrayna arasında münasibətlər Krımın işğalından və 2014-cü ildə Donbasda başlayan hərbi əməliyyatlardan sonra kəskin sürətdə pisləşib. Ötən bazar günü Rusiya sərhədçilərinin Krım sahillərində Ukraynanın üç gəmisinə atəş açması və saxlaması vəziyyəti daha da gərginləşdirib.
 
"Kəskin dəyişikliklər gözləmirəm"
Gürcüstan Mərkəzi Seçki Komissiyası dördüncü gün prezident seçkilərinin nəticələrini dərc edib. Zurabişvili 59,52% səs toplayıb. Rəsmi olaraq Zurabişvili müstəqil namizəd hesab edilir. Lakin onu hakim partiya dəstəkləyirdi. Onun opponenti, keçmiş ölkə prezidenti Mixali Saakaşvilinin partiyasının da daxil olduğu "Güc birlikdədir" müxalifət hərakatını təmsil edən Qriqol Vaşadze yalnız 40,48% səs toplayıb.
 
Dördüncü gün səhər Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov Kremldə Gürcüstandakı seçkilərinin nəticələrinin necə qiymətləndirilməsi barədə jurnalistlərin suallarını cavablandırarkən bildirib: "Biz bu məlumatı və Zurabişvilinin qələbə qazanması faktını qəbul edirik. Biz Rusiya ilə Gürcüstan arasındakı münasibətlərin mümkün inkişafının qiymətləndirilməsi barədə hansısa ilkin bəyanatı gözləməyə üstünlük veririk".
 
Rusiyanın digər rəsmi nümayəndələri də Gürcüstandakı prezident seçkiləriylə bağlı münasibətlərini bölüşüblər.
 
"Rusiya ilə bağlı kəskin dəyişikliklər gözləmirəm. Lakin Salome Zurabişvilinin təcrübəli və praqmatik siyasətçi olduğunu nəzərə alsaq, diaoloq üçün məkanın azalmayacağına ümid etmək istəyirəm ",- deyə Federasiya Şurasının xarici işlər üzrə komitəsinin başçısı Konstantin Kosaçev bildirib.
 
Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasinin bəyanatı isə daha nikbin olub: "Seçkilərin nəticələrinin ikitərəfli münasibətlərin təkmilləşməsi və normallaşması istiqamətində işləri davam etdirməyə imkan verəcəyini gözləyirəm".
 
"Belə standartlarla seçkilər Gürcüstanda keçirilməməlidir"
Gürcüstanın hazırkı prezidenti Georgi Marqvelaşvili Mərkəzi Seçki Komissiyası nəticələri elan etdikdən sonra kiçik bəyanatla çıxış edib. Salome Zurabişvilini təbrik edən prezident seçkilərin gedişatını tənqid edib.
 
"Dünənki seçkiləri müşahidə edərkən, həmçinin müşahidəçilərin qiymətləndirməsini təhlil edən zaman mən demokratik seçkilərin keyfiyyətinin kəskin aşağı düşməsindən narahat olduğumu bildirmək istəyirəm. Birmənalı şəkildə deyə bilərəm ki, bu cür standartlarla seçkilər Gürcüstanda bir daha keçirilməməlidir", o deyib.
 
Avropalı müşahidəçilər seçkilərin nəticələrinə əhəmiyyətli təsir göstərəcək qanun pozuntuları qeydə almayıblar. Lakin onlar "seçkiləri tam şəffaf adlandırmaq olmaz" - deyə qeyd ediblər.
 
"Seçkilərə bir neçə gün qalmış 600 min Gürcüstan vətəndaşının bank borclarının silinməsi barədə qərar da sürpriz oldu ", - deyə Avropa Parlamentinin müşahidəçi missiyasının rəhbəri Laima Andrikiene biıdirib.
 
Söhbət ölkə rəhbərliyinin borcluların qara siyahısına salınan vətəndaşların bank borclarının ləğv edilməsindən gedir. Müxalifət iddia edir ki, bu hakim partiyanın dəstəklədiyi namizədə faydalı ola bilərdi.
 
Bundan başqa, müstəqil müşahidəçilər "bir tərəfin məntiqsiz üstünlükdən istifadə etməsindən" narazı qalıblar. KİV-lər mühakimə nümayiş etdirib, seçkiqabağı kampaniya isə "sərt ritorika və qütbləşmə" şəraitində keçib. /bbc/

Google+ WhatsApp ok.ru