Salyanda ağır yol qəzası: 2 ölü, 1 yaralı

Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Salyan rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, dekabrın 22-də saat 23.30 radələrində Ələt-Astara yolunun 58-ci kilometrliyində Salyan rayonu ərazisində Salyan rayon sakinləri - 1984-cü il təvəllüdlü Əsgərov Rauf Ramil oğlunun idarə etdiyi “VAZ 2106” markalı və Mehdiyev Elşad Qəmbəralı oğlunun idarə etdiyi “Toyota-Prado” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində “VAZ”da olan sərnişinlər - Salyan rayonu Xələc kənd sakini, 1980-ci il təvəllüdlü İsayev Vüqar Mehman oğlu və Salyan rayon Kürkənd sakini, 1978-ci il təvəllüdlü Ağayev Elmar Bəyoğlan oğlu hadisə yerində ölüblər.

Ağır bədən xəsarətləri alan “VAZ”ın sürücüsü Elşad Mehdiyev isə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. /

Google+ WhatsApp ok.ru