Salyanda mövcud olmayan qazın açılışı keçirilib?

Bir neçə gün öncə Salyan rayonunun Xalac inzibati dairəsinə təbii qazın verilməsinin bərpa olunması haqqında xəbər yayımlanmışdı. Bu münasibətlə Xalac kəndində xüsusi tədbir də keçirilmişdi. Həmin tədbirlə bağlı Salyan İcra Hakimiyyətinə məxsus olan saytda belə yazılıb:

“Ümumilikdə 673 mənzilə təbii qaz verilib bərpa olunmuşdur.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev, ARDNŞ-nin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, “Azəriqaz” İB-nin Baş direktoru Əkbər Hacıyev, Salyan rayon İcra hakimiyyəti başçısı Tahir Kərimov, rayon İcra hakimiyyəti başçısı yanında Şura üzvləri, ictimaiyyətin nümayəndələri və kənd sakinləri iştirak etmişlər”.

Lakin bu gün Salyanın Xalac kəndində yaşayan gənc şair Emil Rasimoğlu strateq.az saytı ilə əlaqə saxlayıb və verilən məlumatın həqiqətə uyğun olmadığını deyib. Onun sözlərinə görə belə bir mərasim keçirilsə də, əslində Xalac kəndində təbii qazın verilməsi bərpa edilməyib:

“Atalar yaxşı deyib: “Yalan ayaq tutar, yeriməz”. Necə ki, yenə yerimədi… Belə ki, yaxın günlərdə yaşadığım Salyan rayonunun Xalac kəndində bir sıra  məmurların, eləcə də, Rövnəq Abdullayev, Xoşbəxt Yusifzadə və Salyanın İcra başçısı Tahir Kərimovun iştirakı ilə Xalac kəndində təbii qazın bərpası ilə bağlı açılış mərasimi oldu. KİV nümayəndələrinin də qatıldığı bu tədbir,  musiqi sədaları altında qeyd edildi. Hətta sevincdən qol qaldırıb, oynadılar da. Ancaq məsələ burasındadır ki, nəinki Xalac kəndində təbii qazın verilməsi bərpa edilməyib, burada təbii qazın bərpası üçün tikinti işi hələ  başa çatdırılmayıb. Üstəlik, həmin ərazidə sakinlərin çoxu hələ də evlərində “balon qazı”ndan istifadə edir. Belə yerdə dahi şairimiz Sabirin sözləri yada düşür: Çırmanırıq keçməyə çay gəlməmiş, Baçlayırıq qızmağa yay gəlməmiş…”

E. Rasimoğlu mövzu ilə əlaqədar həmin ərazidən bu gün mövcud durumla bağlı çəkdiyi bir neçə şəkli də təqdim edib:

 

Google+ WhatsApp ok.ru